Tural Əliyev: \"Bizim əsas məqsədimiz dövlətçilik əleyhinə çevrilmiş hərəkətlərə və qruplara qarşı mübarizə aparmaqdır\"
Dünən YAP Gənclər Birliyinin rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirə iştirakçıları olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəal üzvlərindən Qönçə Əsgərova və Partiyanın Suraxanı Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Tural Əliyev müşavirə haqda təəsüratlarını SəsTV ilə bölüşüblər.
-Ümumrespublika müşavirəsinin keçirilməsində əsas məqsəd nə idi?
Qönçə Əsgərova:
-İlk olaraq qeyd edim ki, ümumrespublika müşavirəsi YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun çıxışı ilə başladı. Region və şəhər təşkilatlarının gənclərinin bir araya toplanmasının səbəbi isə milli dövlətçilik ənənələrinin aşılanması, eyni zamanda gənclərin iş fəaliyyətinin və əməkdaşlıqlarının daha da inkişaf etdirilməsi idi. Sədr müavini öz çıxışı zamanı qondarma erməni soyqırımının Fransa Konstitusiya Məhkəməsi tərəfindən rədd edilməsi münasibətilə bütün türk dünyasını təbrik etdi. Dünən və bu gün tədbir çərçivəsində seminarlar keçirilir. Seminarlarda əsasən nəzəri, ideoloji və texniki sorğulara üstünlük verilib. Bütün bunlarla yanaşı Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı qış məktəbləri layihəsi də təşkil olunub. Layihə çərçivəsində biz bir çox millət vəkilləri və rəsmilərlə görüşlər və istənilən mövzuda maraqlı müzakirələr edib aktiv sorğular keçirmişik.
Tural Əliyev:
-Dünən başlanan tədbirin əsas məqsədi region və şəhər gənclərinin bir yerə toplanaraq onlarla müasir dünyanın ayrılmaz hissəsi olan sosial şəbəkələrin həyatımızdakı rolu haqda fikir mübadiləsi aparmaq olub. Bu barədə həm ideoloji, həm nəzəri, həm də praktik tərəfdən müxtəlif açıqlamalar verildi. Bu gün sosial şəbəkələrə cəmiyyətdə iki cür baxış mövcuddur. Yəni sosial şəbəkələrin həyatımızdakı rolunu həm neqativ, həm də pozitiv qiymətləndirənlər var. Müşavirədə də qeyd olundu ki, bir sıra sosial qruplaşmalar, partiyalar və digərləri çalışırlar ki, dövlətçilik əleyhinə çıxışlar etməklə Azərbaycanı qarşıdan gələn Eurovision 2012 mahnı müsabiqəsində beynəlxalq aləmin gözündən salsınlar. Yəni ölkəmizin belə bir müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını göstərməyə çalışanlar az deyil. Təbii ki, bu da düşünülmüş siyasətdir. Ona görə də, tədbirin əsas məqsədi dövlətçilik əleyhinə çevrilmiş hərəkətlərə və qruplara qarşı mübarizə aparmaqdır.
- Sosial şəbəkələrə qarşı münasibətdən danışdınız. Sizcə, Yeni Azərbaycan Partiyasının gəncləri sosial şəbəkələrdən lazımi istiqamətlərdə kifayət qədər istifadə edə bilirlərmi?
Qönçə Əsgərova:
- Yeni Azərbaycan Partiyası gənclərinin bir sıra sosial şəbəkələrdə qruplaşmaları mövcuddur. Tədbir çərçivəsində bütün ölkə gənclərinin bu qruplara cəlb edilməsi və milli mənəvi dəyərlərimizi birgə təbliğ etmək istiqamətində məsləhətlər verildi. Sosial şəbəkələrdə daha çox öhdəçilik və təsirə əhəmiyyət vermək gənclərimiz üçün vacibdir. Öhdəçilik deyəndə qarşı tərəfin də mövqeyini və fikirlərini diqqətlə dinləmək və məsuliyyətlə dərk etmək nəzərdə tutulur. Təsir dedikdə isə qarşı tərəfi dolğun məlumatla təmin etmək nəzərə tutulur. Yəni elə məlumatlara yer verilməlidir ki, dolğun, əhatəli və geniş təsir dairəsinə malik olsun.
- Müşavirədə gənclərin qarşısında duran əsas vəzifələr müəyyəndləşdirilib. Rayon və şəhər gənclər birliklərinin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində hansı addımların atılması planlaşdırılır?
Tural Əliyev:
-Əsasən gənclərin sosial şəbəkələrdə tutduğu mövqe və yeritdikləri siyasət öz uğurlu nəticələrini bir çox sahələrdə verir. Lakin, gənclər əsasən çalışmalıdırlar ki, uğur qazanıldıqdan sonra bu cəhdlər sona çatmasın. Yəni nə qədər uğur qazanılsa, o qədər təbliğ edilməlidir. Sosial şəbəkələrdə əsas mövzularla bağlı xəbər verilməli, nailiyyət qazanılmasına baxmayaraq məsələlər qabardılmalıdır. Biz informasiyanı necə təqdim ediriksə, auditoriya bunu eyni cür qəbul edir. Ona görə də ən əsası informasiyanın dolğunluğuna əhəmiyyət verməliyik. İnformasiyanı çatdıran zaman aqressivliyə deyil, polemika, mübadilə, ünsiyyətə önəm verilərsə nəticələr daha qənaətbəxş olar.
- Son olaraq, sosial şəbəkələrdə Azərbaycanın əleyhinə təbliğat aparan gənclərlə bağlı soruşmaq istəyirəm. Bu gənclər arasında azərbaycanlı gənclər də az deyil. Onlara məsləhətiniz nədir?
Qönçə Əsgərova:
Azərbaycan hamımızın vətənidir. Dövlətimizin siyasətinə, ənənələrinə qarşı çıxmaq düzgün deyil. Düzdür, hər insanın Konstitusiyaya görə söz azadlığı var. Lakin bu o demək deyil ki, yanlış ideologiyaya istiqamətlənmək lazımdır. Bu cür yollardan gəncləri çəkindirmək üçün onlarla söhbətlər aparmağa ciddi ehtiyac var. Bu baxımdan da sosial şəbəkələr xüsusi önəm daşıyır. Yəni, biz sosial şəbəkələrdə debatlar və düzgün söhbətlər nəticəsində gənclərin düzgün istiqamətə cəlb edilməsinə nail olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bütün belə gənclərə tövsiyə edərdim ki, hamımız bir millətin üzvləriyik. Azərbaycana ziyan verən davranışlardan və ölkəmizi beynəlxalq aləmdə gözdən salmağa istiqamətlənmiş addımlardan uzaq olsunlar.
Tural Əliyev:
-Əlavə olaraq üzümü həmin gənclərə tutub qeyd etmək istəyirəm ki, istənilən informasiyaya, prosesə tez zamanda qərar verib ağıllarına gələn addımı atmasınlar. Çünki bu cür çıxışlar edən gənclər əsasən emosiyalarına və anlıq hisslərinə qurban olanlardır. Bəzən onlar bilmədən böyük səhvlər edirlər. Onlar da bizim vətəndaşlarımızdır, hamısı bizim vətənimizin övladlarıdır. Sadəcə bəziləri güclü təsir dairəsinə düşüblər. Mən onlara çatdırmaq istəyirəm ki, tənqid inkişafdır. Tənqid xalqımızın, dövlətimizin inkişafıdır. Lakin tənqid təhqirə çevrildikdə, qarayaxma olduqda, bu sadəcə ümummilli bəla halına çevrilir və öz xalqımızı kimlərinsə gözlərindən salmağa şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB