Qənirə Paşayeva Gebze Universitetində “Erməni iddiaları və Xocalı soyqırımı” konfransında çıxış edib - FOTO
Gebze Yüksək Teknoloji İnstitutunda Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı "Erməni iddiaları və Xocalı soyqırımı" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Xocalı Soyqırımı ilə bağlı filmin nümayişi ilə başlayıb.
Konfransda çıxış edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva erməni iddiaları ilə bağlı "Biz gerçəkləri anlatmadıqca, onlar yalanları ilə dünyanı aldadırlar" deyib.
Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bu faciələrin dünya ictimaiyyətinə anladılması üçün gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. "Gənclər tariximizə sahib çıxmalıdırlar. Keçmişinə sahib olmayan gələcəyinə də sahib ola bilməz", - deyə əlavə edib.
O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir" – Qənirə Paşayeva belə deyib.
Konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin millət vəkili Sinan Oğan artıq 20 ildir türk millətinin Xocalıda yaşanan soyqırımı bildiyini və soyqırımı törədənlərin hesab verməli olduqlarını bildirib.
Konfransın ardından millət vəkili Qənirə Paşayevaya və TBMM millət vəkili Sinan Oğana GYTE Baş katibi Osman Ayar təşəkkür sənədi təqdim edib.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş \"Hocalı Soykırımı: Tanıkların dilinden\" kitabının təqdimatı da keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB