YAP Gənclər Birliyinin rayon təşkilatı sədrləri ümumrespublika müşavirəsindən danışdılar

YAP Gənclər Birliyinin rayon təşkilatı sədrləri ümumrespublika müşavirəsindən danışdılar

Bu gün Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminarı başlayıb. SƏS TV seminarda iştirak edən rayon təşkilatları üzrə gənclər birliklərinin sədrlərindən bir neçəsinin fikirlərini öyrənib.

Nizami rayon Gənclər Birliyinin sədri Əli Pənahov: "Bu gün keçirilən seminar gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılır. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər. İnanıram ki, YAP-ın gənclər birliyinin üzvləri bundan sonrakı ictimai fəaliyyətlərində daha aktiv və fəal iştirak edəcəklər. Bu seminar gənclərin ideoloji cəhətdən inkişafına, onların kompyuter informasiya texnologiyalarından daha sərbəst şəkildə istifadəsi üçün geniş məlumatlar əldə etməsinə geniş imkanlar yaradacaq. Buradakı sədrlər əldə etdikləri bilgiləri təmsil etdikləri rayon və bölgələrin birliklərində gənclərlə bölüşəcəklər".

İmişli rayon Gənclər Birliyinin sədri Rüstəm Vəliyev: "Bugünkü seminarın əsas məqsədi cari ildə görülən işlər və yeni virtual aləmdən gənclərin istifadəsi ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi internetdən azad şəkildə istifadə edilən ölkələrdən biri olan Azərbaycanda bu vasitədən bütün gənclərin istifadə etmək hüququ var. YAP-ın fəal üzvləri olan gənclər də virtual aləmdən geniş şəkildə istifadə edir. Məqsədimiz isə bilgilərimizi daha da inkişaf etdirərək birliyimizin gənclərinə bu işi layiqincə təbliğ edə bilməkdir. Gənclərin sağlam düşüncə ilə inkişaf etməsi üçün bu yaxşı vasitədir. Onu da qeyd edim ki, bu seminar ilk deyil. Bundan əvvəl də bu kimi seminarlar təşkil edilib. Düşünürəm ki, belə tədbirlər davam etdiriləcək və öz töhfəsini də verəcək".

Mingəçevir şəhər Gənclər Birliyinin sədri Samirə Hacıyeva: "Bugünkü seminar təmsil etdiyimiz birliklərdə işlərimizi daha da səmərəli qurmaqda bizə köməklik edəcək. Gənclər birliyinin həyata keçirdiyi bu ideyalar gələcəkdə də davam etdiriləcək. Hər keçirilən seminarlar bizlərə yeni bir istiqamət verir. Biz də çalışacağıq ki, region üzvləri olaraq YAP gənclər birliyinin işlərinə yaxından köməklik edək".

Qeyd edək ki, YAP rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminar keçiriləcək. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər. Seminar martın 1-dək davam edəcək. Sonda gənclər Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə