Sumqayıt şəhərində ötən ilin yekunlarına dair tədbir keçirilib- YENİLƏNİB

Sumqayıt şəhərində ötən ilin yekunlarına dair tədbir keçirilib- YENİLƏNİB

Bu gün Sumqayıt şəhərində ötən ilin yekunlarına dair tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyəti başçısı Eldar Əzizov, Sumqayıt şəhərindən seçilən millət vəkilləri, şəhərin icra strukturlarının nümayəndələri, eləcə də şəhər ictimaiyyəti iştirak edib. SİA-nın verdiyi xəbərə görə, iclası giriş sözü ilə açan icra başçısı Eldar Əzizov ötən bir il ərzində Sumqayıtda görülən quruculuq və abadlıq işlərindən danışaraq yeni layihələrin təqdimatını keçirib. İcra başçısının sözlərinə görə, son bir il ərzində ölkəmiz, eləcə də Sumqayıt şəhəri yüksək artım tempi ilə inkişaf edib: "Şəhər üzrə ümumi məhsul buraxılışının həcmi 509 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 33,4 faiz səviyyəsindədir. Şəhərin sənaye müəssisələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 51,9 faiz artaraq 313 milyon manat təşkil edir. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 72 faiz olub. Kimya sənayesi məhsul istehsalı 1,7 dəfə, metallurgiyada 2,9 dəfə artmışdır".

Sumqayıt şəhərində bir sıra idarə və təşkilatların yeni inzibatı binalarının tikintisindən danışan Eldar Əzizov yaxın günlərdə Şəhər Polis idarəsinin inzibati binasının tikintisinin başa çatmaq üzrə olduğunu bildirib: "Son bir ildə Heydər Əliyev prospektində, 34 və 36-cı məhəllələrin arasında yerləşən xiyaban qanunsuz gecəqondulardan təmizlənib, "Bələdiyyə Parkı" yenidən təmir edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 mərtəbəli, 96 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. 1012-ci ildə şəhər Prokurorluğunun və Statistika idarəsinin yeni binalarının tikintisinə başlanılacaq".

Daha sonra tədbirdə yerli icra stukturlarının hesabatları dinlənilib. Təhsil, səhiyyə sahələrində görülən işlərdən danışılıb. Şəhər sakinlərinin irad və təklifləri dinlənilib. Yeni tədbirlər planının işlənib hazırlanması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə