YAP-ın rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - FOTOSESSİYA

YAP-ın rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi keçirilir - FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin İdarə Heyəti, şura üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, bu gün ölkənin ictimai-siyasi həyatında gənclərə geniş meydan verilib. Onun sözlərinə görə, ölkənin apardığı siyasətin ən önəmli hissələrindən biri də gənclərin ictimai-siyasi həyatının daha da yaxşılaşdırılmasıdır: "Mütəmadi olaraq bu tipli müşavirələr keçirilir. Bir il bundan öncə YAP Gənlər Təşkilatlarının növbəti konfransı keçirilərək ötən müddət ərzində gənclərin yeni seçkili orqanları formalaşıb, YAP Gənclər Birliyi tərəfindən 1 il ərzində əhəmiyyətli layihələr həyata keçirilib, beynəlxalq əlaqələri genişləndirilib. Bugünki müşavirədə məqsəd bu günə qədər bir il ərzində yeni seçilən seçkili orqanların fəaliyyətinə nəzər salmaq, gənclərin və təşkilatların qarşısında duran məsələləri bir daha nəzərdən keçirməkdən ibarətdir. YAP Gənclər Birliyi bugün kifayət qədər geniş və fəal təşkilatdır. Partiya sıralarına daxil olan insanlar içərisində gənclər üstünlük təşkil edir. Bu gün hakim partiya sıralarındakı insanların 40%-ni gənclər təşkil edir ki, bu da 10 min fəal gəncin partiya ətrafında toplaşması deməkdir. Bu da ondan xəbər verir ki, YAP-ın həyata keçirdiyi siyasət ölkə gənclərinin böyük bir hissəsini maraqlandırır, gənclər də özlərinin siyasi taleyini hakim partiya ilə bağlamaq istəyirlər. İkinci əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan gənclərinin böyük bir hissəsi prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərində iştirak etmək məqsədilə hakim partiyanın sıralarına düşməyi düzgün hesab edirlər. Eyni zamanda, YAP sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün əhəmiyyətli bir meydançaya çevrilib ki, bu da gənclərin maraq sferasına daxil olduğundan gənclər hakim partiyanın sıralarına daxil olurlar. Beləliklə, YAP Gənlər Birliyi Azərbaycan gənclərinin əhəmiyyətli bir hissəsini öz sıralarında birləşdirir və ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirak etməsinə öz töhfələrini verir".

Tədbirin davamında çıxış edən YAP GB-nin sədri Seymur Orucov ötən bir il müddətində görülən işlər, həyata keçirilən tədbirlər haqqında hesabat xarakterli çıxış edib. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqətin göstərilməsindən ibarətdir: "Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir".

YAP GB sədrinin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov isə birliyin beynəlxalq əlaqələri, baş tutan səfərlər və əldə olunan qarşılıqlı razılaşmalar haqqında məruzə edib. O bildirib ki, Azərbaycan gəncliyi XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir: \"Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərinin çatdırılmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də, digər dövlətlərdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Bildiyiniz kimi, ölkəmizdə son illər gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir".

YAP Nəsimi rayon GB-nin sədri, YAP GB-nin ofisinin meneceri Sərraf Hüseynov isə ofisin iş prinsipi, həyata keçirilən, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında geniş məlumat verib.

Qeyd edək ki, YAP rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminar keçiriləcək. Seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər. Seminar martın 1-dək davam edəcək. Sonda gənclər Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə