Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üzrə yeni Təlimatların təqdimatı olub - FOTOSESSİYA
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı" Layihəsinin "Əmək bazarında islahatlar" adlı birinci komponentinin "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarına uyğun olaraq hazırlanan Təlimatların təqdimatı olub. SİA-nın xəbərinə görə, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov keçid dövrünü uğurla başa vuraraq keyfiyyətcə yeni inkişaf mərhələsində inamla addımlayan ölkəmizdə bütün sahələrdə mütərəqqi dünya təcrübəsinə uyğun modern islahatların geniş vüsət aldığını və Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı" Layihəsinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə 29 noyabr 2011-ci il tarixli Sərəncamında bu konsepsiyanın hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadənin və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsinin dövlət orqanları qarşısında bir vəzifə kimi qoyulduğunu deyən nazir Fizuli Ələkbərov "Sosial Müdafiənin İnkişafı" Layihəsinin komponentləri üzrə tapşırıqların peşəkar beynəlxalq ekspertlərlə birgə icrası sahəsində əldə olunan müsbət nəticələrin bu baxımdam xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Sosial Müdafiənin İnkişafı" Layihəsinin adıgedən komponentləri üzrə tapşırıqların icrası sahəsində görülən işləri yüksək dəyərləndirən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində sosial sahədə aparılan islahatlar indiki mərhələdə daha çox aktiv xarakterli sosial müdafiə tədbirlərini, o cümlədən aktiv məşğulluq tədbirlərini əhatə edir. Bu bir həqiqətdir ki, davamlı və yüksək templi iqtisadi artımın təmin edilməsində əmək ehtiyatlarının keyfiyyətcə yüksəldilməsi vacib faktordur. Aparılan islahatlar da bu sahədə önəmli olmaqla, nəticə etibarilə ölkədə həyata keçirilən siyasətin əsas hədəflərindən biri olan insan kapitalının inkişafına nail olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, "Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" tapşırıqlarını yerinə yetirmək, aktiv əmək bazarı proqramlarının, o cümlədən bu sahədə qanunvericilik və institusional bazanın təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə (DMX) texniki yardımın göstərilməsi üçün nazirlik ilə Böyük Britaniyanın "MHC İnternational" təşkilatı arasında müqavilə imzalanıb.
Tapşırıqların icrasına müvafiq sahə üzrə böyük təcrübəyə malik beynəlxalq ekspertlər - Maykl Hopkins, Con Lorans, Uilyam Ceyms Haus cəlb olunub. İcra prosesinə rəhbərliyi isə professor, uzun illər BƏT-də çalışmış, Dünya Bankının bir çox layihələrinə rəhbərlik etmiş, dünyanın bir sıra nüfuzlu universitetlərində iqtisadiyyat və əmək bazarı üzrə mühazirələr oxuyan beynəlxalq ekspert Maykl Hopkins həyata keçirir. (Onu da bildirək ki, artıq 15 ildir Azərbaycanda icra olunan mühüm layihələrdə iştirak edən Maykl Hopkins İqtisadi İnkişaf Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən \"Qara qızılın insan qızılına çevrilməsində Azərbaycanın neft gəlirlərindən potensial istifadə edilməsi" layihəsi üzrə beynəlxalq ekspertlər qrupunun rəhbəri kimi də ölkəmizdə səmərəli islahatlar prosesinə öz töhfəsini verib.
"Təkmilləşdirilmiş məşğulluq xidmətləri" və "DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması" üzrə tapşırıqların əsas məqsədi iş axtarışına yardım, əmək yarmarkaları, işəgötürənlər ilə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. kimi məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir. Həmçinin bu sahədə görülən işlər nazirliyin və DMX-nin institusional potensialının gücləndirilməsi vasitəsilə işsiz vətəndaşların qısa zamanda əmək bazarına yenidən daxil olmasına yardım göstərilməsi istiqamətində ölkə üzrə yeni və səmərəli dövlət məşğulluq xidmətlərinin hazırlanması və həyata keçirilməsinə xidmət edir. Müvafiq tapşırıqlar üzrə Təlimatların, həmçinin hazırlanacaq proqramların Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda sınaq işlərinin aparılması və DMX-nin əməkdaşlarının təlimə cəlb edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, qeyd olunan tapşırıqlar çərçivəsində 2010-cu ilin iyul ayından bu günə kimi məşğulluq sahəsində qabaqcıl beynəlxalq təcrübə və strategiyalar təhlil edilərək, onların Azərbaycanda tətbiqi imkanları üzrə müvafiq hesabat hazırlanıb, müxtəlif Avropa ölkələrinə təlim səfərləri təşkil edilib, işaxtaran və işsiz şəxslər üçün təlimat kitabçaları tərtib olunub.
Eyni zamanda əmək yarmarkalarının planlaşdırılması, təşkili, həyata keçirilməsi və qiymətləndirilməsi, işəgötürənlərlə DMX arasında əməkdaşlığın gücləndirilməsi, kiçik biznes məsləhət xidmətlərinin təşkili və həyata keçirilməsi üzrə təlimatlar, əlillərin əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədi ilə Konsepsiya, Fəaliyyət Planı və "Sosial müəssisələr haqqında" haqqında qanunun layihə variantları, qanunvericilik bazasının və institusional çərçivənin təkmilləşdirilməsi üçün təkliflər, o cümlədən DMX-də yeni xidmət modelinin tətbiqi üçün konsepsiya, DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin modeli hazırlanıb. Tədbirdə təqdim olunan Təlimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB