Ombudsman Milli Fəaliyyət Proqramının uşaq hüquqları üzrə müddəalarını QHT-lərlə müzakirə edib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) uşaq hüquqlarının effektiv müdafiəsi və təbliğini nəzərdə tutan müddəalarının bu sahədə çalışan QHT-lərlə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə vətəndaş cəmiyyətinin, uşaq hüquqları ilə məşğul olan çoxsaylı QHT-lərin təmsilçiləri, habelə KİV nümayəndələri iştirak ediblər.
Ombudsman Azərbaycan dövlətində uşaqların və gənclərin hüquqlarının müdafiəsinin prioritet məsələlərdən olduğunu, ölkəmizdə də bu istiqamətdə böyük işlər görüldüyünü, uşaq və gənclərin mənafeyinin, maraqlarının qorunduğunu vurğulayıb. O, "Uşaqlar üçün yararlı dünya quraq!" devizi altında fəaliyyəti davam etdirərkən müasir dövrün tələblərinə uyğun olaraq, uşaqların iştirakının təmin edilməsinin, zəif qruplardan olan, əlil, qaçqın və məcburi köçkün, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqların fikirlərinin dinlənilməsinin və nəzərə alınmasının zəruriliyini diqqətə çatdırıb. Proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin və onların icra mexanizmlərinin müzakirəsi məqsədilə dövlət qurumları və QHT nümayəndələrinin, həmçinin Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin iştirakı ilə tədbirlərin keçirildiyi, müzakirələrin aparıldığı qeyd olunub.
İşçi Qrupunun rəhbəri E.Süleymanova son illərdə ölkədə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində mütərəqqi dəyişikliklərin olduğunu, yoxsulluğun 46 faizdən 7 faizə düşdüyünü, insanların rifah halının daha da yaxşılaşdığını, dövlət tərəfindən uşaqlara böyük diqqət yetirildiyini, onların problemlərinin həllində addımlar atıldığını, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində milli qanunvericiliyimizin təkmilləşdirildiyini bildirib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Müvəkkilin fəaliyyətində digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu deyib. O, Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Müvəkkilin bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyini, bu qanunun təşviqinin sürətləndirilməsinin zəruriliyini söyləyib.
Müvəkkil qarşıya qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi məqsədilə Milli Fəaliyyət Proqramının icra mexanizminin çevik və işlək bir mexanizm kimi fəaliyyət göstərməsi və QHT-lərin bu prosesə cəlb olunması məqsədilə bir sıra təkliflər irəli sürüb. Daha çox QHT-nin fikirlərinin nəzərə alınması məqsədilə vətəndaş cəmiyyəti institutlarının şəbəkə şəklində fəaliyyət göstərərək Milli Fəaliyyət Proqramının icrası prosesində iştirakının zəruriliyi vurğulanıb.
Ombudsman Proqramda irəli sürülmüş vəzifələrin məhz birgə əməkdaşlıqda uğurla həyata keçiriləcəyini, icra tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyini qeyd etmiş, bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini, eyni zamanda regionlarda, o cümlədən dövlət qurumları ilə birgə ictimai dinləmələrin təşkil ediləcəyini bildirib. Müvəkkil iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB