Yeznəsini güllələyən İsmayıl Hümbətov polis tərəfindən saxlanılıb

Yeznəsini güllələyən İsmayıl Hümbətov polis tərəfindən saxlanılıb

Fevral ayının əvvəlində Bakının Xətai rayonu ərazisində öz yaxın qohumunu güllələyərək hadisə yerindən qaçmış şəxs nəhayət ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Qeyd edək ki, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 4 ünvanında qeydə alınmış hadisə zamanı 1958-ci il təvəllüdlü Hümbətov İsmayıl İmran oğlu öz yeznəsi, 1971-ci il təvəllüdlü Əliyev Müqabil Qədim oğlunun evinə gələrək ov tüfəngi ilə onun sinəsinə atəş açıb və qaçıb. Yaralı Müqabil Əliyev təcili xəstəxanaya yerləşdirilib.


37-ci Polis Bölməsinin əməliyyat müvəkkili Rövşən Camalovun sözlərinə görə, İ.Hümbətov cinayəti törədəndən sonra Qusara qaçıb: "Oradan da o, Rusiyaya keçmək istəyirdi. Qusar polisi ilə birgə o tutulub, amma onun cinayətdə işlətdiyi silah hələ tapılmayıb".


Faktın təfərrüatlarını Xətai Prokurorluğu araşdırır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci - qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət işi başlanılıb. İlkin versiya olaraq hadisənin ailə-məişət zəminində yaranmış münaqişə zamanı baş verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə