Xocalı soyqırımı Hamburq şəhərində də anılıb - FOTO

Xocalı soyqırımı Hamburq şəhərində də anılıb - FOTO

Xocalı soyqırımı ilə bağlı dünyanın 100-dən çox yerində silsilə tədbirlər keçirilib. O cümlədən Almaniyada 20-dən çox anım mərasimləri, yürüşlər, etiraz aksiyaları təşkil olunub. Silsilə mərasimlərdən biri də Hamburq şəhərində baş tutub. Yenicə yaranmış "Buta" cəmiyyətinin sədri Rüfət Seyidov və SİA-nın Almaniyadakı xüsusi müxbiri Şahin Abasovun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə soydaşlarımız, alman və digər millətlərdən olan qonaqlar iştirak ediblər. Öncə vətənpərvərlik ruhunda klip təqdim olunub və bundan sonra müxbirimiz Xocalı soyqırımı adlı faciəni bir daha rəqəmlərdə iştirakçıların nəzərinə çatdırıb. Daha sonra isə qonaqlar Şamil Nəcəfzadənin ümumi bəlalarımızı özündə əks etdirən, müxtəlif beynəlxalq müsabiqələr iştirakçısı olmuş "Qala" filminə tamaşa ediblər.

Qeyd edək ki, film Berlindəki Alman Azərbaycan Koordinasiya Mərkəzi tərəfindən nümayiş üçün verilmişdi və bundan əlavə afişa və alman dilində məlumatla təmin olunmuşdu. Mərasim boyu və çay süfrəsi zamanı isə iştirakçılar "Buta" cəmiyyətinin hazırladığı stenddə soyqırımı haqqında məlumatlar alıblar, onlara vərəqlər paylanıb. Mərasimin çox təqdirəlayiq olduğunu qeyd edən qonaqlar məmnunluq ifadə ediblər.


Şahin Abasov

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə