Bərdə rayon İcra Hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək, onun xatirəsini yad edən iştirakçılar daha sonra icra hakimiyyəti binasının foyesində rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış olublar.
Toplantıda Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayonda geniş tikinti, quruculuq işləri aparılıb. Bundan əlavə, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi diqqət ayrılıb.
O qeyd edib ki, 2011-ci ildə rayon üzrə ümumi məhsul istehsalı 186,8 milyon manat olub. 7,5 milyon manatlıq sənaye, 97,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 24,8 milyon manatlıq isə tikinti-quraşdırma işləri görülüb. Ötən il rayon mərkəzində uzunluğu 17 kilometr olan küçələr, meydanlar yenidən qurulub, mühəndis-kommunikasiya xətləri texniki normaya gətirilib, magistral avtomobil yollarının kənarları, küçə və meydanlar abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Hesabat yığıncağı zamanı bildirilib ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 14 yaşayış məntəqəsini birləşdirən 22 kilometr uzunluqda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu tikilib.
Bunlardan əlavə, ötən il ərzində Bayraq meydanı inşa edilərək dövlət bayrağı ucaldılıb, "Qəhrəmanlar" parkı, Baytarlıq və Qeydiyat Miqrasiya xidmətinin inzibati binaları, 2 tam orta məktəb, Qarabağ müharibəsi əlilləri üçün 17 fərdi yaşayış evi, 14 mənzilli kommunal bina, gündəlik gücü 15 ton olan soyuduculu ətkəsmə müəssisəsi tikilib, elektrik şəbəkəsinin, statistika və mərkəzi poçtamtın inzibati binaları, 1 nömrəli orta məktəb, 6 nömrəli uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB