Kəmalə Əliyeva: “Bu gün vətəndaş cəmiyyətinin qurulmasında dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının uğurlu əməkdaşlıq modeli var” - MÜSAHİBƏ
Müsahibimiz "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Əliyevadır:
- İlk olaraq, "Qadın və Uşaq problemlərinin Araşdırılması" İctimai Birliyinin fəaliyyətilə bizləri tanış edərdiniz. Bu ictimai birliyin əsas fəaliyyət istiqamətləri hansılardır?
- "Qadın və Uşaq Problemlərinin Araşdırılması" İctimai Birliyi 2010-cu ildə rəsmi olaraq qeydiyyatdan keçib, ancaq biz daha əvvəlcədən fəaliyyət göstərirdik.
Təşkilat qadın və uşaqların problemlərinin araşdırılması, ana və uşaqların mühafizəsi, bu sahədə bacarıqların artırılması, ictimai həyatın bütün səviyyələrində qərar qəbuletmə proseslərində qadınların və kişilərin bərabər iştirakının və qender bərabərliyinin təmin edilməsi prinsiplərinə nail olmaq üçün yaradılıb. Əsas məqsədlərimiz qadın və uşaqlarla bağlı müvafiq informasiya bazasını təşkil etmək, bu sahədə olan problemlərin həllini müvafiq dövlət qurumlari ilə əlaqəli sürətdə həyata keçirmək, dövlət siyasətinin ictimai səviyyədə dəstəklənməsini təmin etmək, müxtəlif yerli və beynəlxalq donorlarla birgə müxtəlif layihələr həyata keçirmək və bu sahənin inkişafına dəstək vermək, qaçqın və məcburi köçkün ailələrin, ailə başçısını itirmiş, şəhid ailələrin, uşaqların, xüsusilə də, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli istiqamətində çalışmaq, qadın və uşaqların hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, həmçinin, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir.
- Təşkilat hansı dövlət və qeyri-hökumət institutları ilə əməkdaşlıq edir?
- Hazırda təşkilatımız bir çox dövlət və qeyri-hökumət qurumları ilə sıx əməkdaşlıq edir. Xüsusilə də, biz qadın və uşaqlarla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir, keçirdiyimiz maarifləndirici tədbirlərdə Komitənin resurslarından səmərəli istifadə edirik. Mən çox sevinirəm ki, bu gün vətəndaş cəmiyyətinin qurulmasında dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının uğurlu əməkdaşlıq modeli var. Bir təşkilat rəhbəri olaraq bu mənim işimi çox asanlaşdırır. Bundan əlavə qeyd edim ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə də əməkdaşlıq edirik. Gələcəkdə bu işləri daha geniş miqyasda həyata keçirməyi planlaşdırırıq.
- Hazırda müasir dövrün ən aktual problemlərindən biri də gender əsaslı zorakılıq və onun törətdiyi acı fəsadlardır. Bu istiqamətdə hansı işləri görürsünüz?
- Bildiyiniz kimi, bu gün inkişaf etmiş ölkələrdə bu problemlə ciddi şəkildə mübarizə aparılır. Eləcə də, bizim ölkəmizdə istər dövlət siyasəti kimi, istərsə də sosial inistitutlar, vətəndaş cəmiyyəti səviyyəsində bu problemlə hərtərəfli məşğul olunur. Zorakılıq halları respublika miqyasında epidemiya vəziyyətini alıb və bütövlükdə, bu, Azərbaycanın bütün regionlarında cəmiyyətin, ailənin, uşaq və qadınların fiziki, emosional, sosial və maliyyə statusuna mənfi təsir göstərir. Bizim təşkilat xüsusilə, regionlarımızda aktual problemə çevrilmiş ailədaxili zorakılıqla bağlı müxtəlif formalarda maarifləndirici tədbirlər - təlimlər, görüşlər keçirir. İstər hər hansı layihə çərçivəsində, istərsə də gündəlik iş prosesimizdə qarşımızda duran ən əsas məsələlərdən biri də məhz zorakılıqla mübarizədir.
"Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabineti "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı"nın təsdiq edilməsi və digər qanunvericiliklə nəzərdə tutulan məsələlərin həllində dövlət siyasətinə dəstək olmaq əsas məqsədlərimizdəndir.
Məişət zorakılığı qeyd etdiyim kimi dünya miqyaslı bir bəladır. O yaş həddi tanımır və heç bir etnik, dini qrup bu bəladan sığortalanmayıb. Xüsusən, silahlı münaqişələr zamanı insanlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur.
Azərbaycan cəmiyyətində qadına, uşağa və yaşlıya hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. İnsanlara qarşı hər bir zorakılıq halı, o cümlədən, məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
Bununla əlaqədar olaraq, biz müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara, uşaqlara və yaşlılara qarşı məişət zorakılığı ilə mübarizə edirik. Biz anlayırıq ki, ilk növbədə, zorakılıq qurbanlarının müdafiəsi, onlara dəstək və yardım, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır. Ailə içində zorakılığa məruz qalan insanların çoxu hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir.
Məişət zorakılığı ilə mübarizə bu sahədə çalışan QHT-lərin gündəlik məsələlərindən olmalıdır. Biz problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin, o cümlədən, geniş maarifləndirmə işinin aparılmasını, təlimlərin təşkil edilməsini və psixoloji yardımın edilməsini təşkil etməliyik. İnsanlara qarşı məişət zorakılığı ən çox ev, ailə, məktəb, iş şəraitlərində baş verir. Bunun həlli istiqamətində aparılan işlər qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcək.
Siz bilirsiniz ki, "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu var və qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar yaratmaqla, gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Biz QHT olaraq ictimai səviyyədə bu qanunun təmin edilməsini və çox layihələrimizi məhz, bu istiqamətdə həyata keçiririk.
Qadınlara qarşı zorakılıqla bağlı hüquqi prosedurların ötən il qəbul olunan "Məişət zorakılığı haqqında" qanunla tənzimlənməsi nəzərdə tutulur, ancaq 2010-cu ildə qəbul olunan məişət zorakılığı ilə bağlı qanunda zorakılığa məruz qalan qadınlar üçün yardım mərkəzlərinin, sığınacaqların yaradılması nəzərdə tutulsa da, hələlik belə mərkəzlər fəaliyyətə başlamayıb. Ancaq gələcək planlarımızdan biri belə bir mərkəzin açılmasıni reallaşdırmaqdır.
- Təşkilatınızın fəaliyyət istiqamətlərindən birini də uşaqlarla iş təşkil edir. Bu sahədəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub . Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ümumiyyətlə, uşaq siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin əsas tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2009–cu il "Uşaq ili" elan olunduqdan sonra bu sahədə görülən işlər yeni bir mərhələyə qədəm qoyub. Artıq ötən müddət ərzində istər dövlət, istərsə də qeyri–hökümət sektorunda uşaqlara qayğının artırılması, onları əhatə edən bir çox problemlərin aradan qaldırılması istiqamətlərində uğurlu layihələr reallaşdırılıb və davam etdirilir.
Biz bir QHT olaraq, uşaqlarla bağlı bir çox layihələr keçiririk və bunlar reallaşdırılan müddətdə uşaqların maraq sahələri, onların qarşılaşdıqları problemlərlə daha yaxından, yerində tanış olmaq imkanımız olur.
Eləcə də, qeyd etmək istəyirəm ki uşaqlarla görüşlər, seminarlar uşaq hüquqları sahəsində də keçirmək lazımdır. Biz mütəmadi olaraq, görüşlər keçiririk. Bu görüşlərin nəticəsi olaraq, xüsusi bir məqam ortaya çıxır: uşaqlar arasında təbliğat aparılmasa, müasir qloballaşan dünyamızda texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda sağlam və intelektual bir nəsil formalaşdırmaq qeyri mümkündür.
- "Qadın və Uşaq problemlərinin Araşdırılması" İctimai Birliyi, həmçinin, qaçqın və məcburi köçkün uşaqlarla bağlı da müəyyən işlər həyata keçirir. Bunlar haqqında danışardınız…
- Doğru qeyd edirsiniz. Təşkilatımız tərəfindən qaçqın və məcburi köçkün uşaqların, eləcə də, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz uşaqların sosial problemlərinin həllinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir. Biz bu layihələr çərçivəsində ölkəmizin demək olar ki, şimal zonasında yerləşən bütün rayonlarda olmuşuq, ictimai dinləmələr keçirmişik, həmin insanlar arasında maarifləndirici çap materialları paylamışıq, layihənin sonunda isə konkret təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim etmişik.
Bununla yanaşı, bu qəbildən olan uşaqların istedadlarının üzər çıxarılması istiqamətində də işlər görmüşük. Ötən il biz Gürcüstanda qaçqın və məcburi köçkün uşaqların rəsm sərgisini də təşkil etmişdik.
Bir sözlə, hesab edirəm ki, qadın və uşaq problemlərinə cəmiyyətimiz daima həssas və qayğı ilə yanaşmalıdır. Çünki, qadın bəşəriyyətin var olma səbəbidir, uşaq isə bəşəriyyətin gələcəyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB