Millət vəkillərinin Taksim meydanında keçirilən yürüş-mitinqlə bağlı fikirləri-MÖVQE
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin İstanbul şəhərinin Taksim meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar izdihamlı yürüş-mitinq təşkil edilib. Bu yürüş-mitinqdə Azərbaycan Milli Məclisinin üzvləri, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və başqaları iştirak edib. SİA-nın xəbərinə görə, millət vəkili Mübariz Qurbanlı Taksim meydanında keçirilən yürüş-mitinqi şərh edərək bildirib ki, dünyanın ən böyük şəhərlərindən biri olan İstanbulda səslənən fikirlər dünyanın bütün ölkələrində, beynəlxalq təşkilatlarda əks-səda doğuracaq və Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olacaq. Bütövlükdə bu tədbirlərin silsilə olaraq davam edəcəyini deyən M. Qurbanlı əminliklə qeyd edib ki, "Xocalıya ədalət!" istiqamətində atılan bu addımlar öz müsbət nəticəsini verəcək.
Deputat Qənirə Paşayeva isə bunları deyib: "Biz gələcək nəslə, bütün dünyaya çatdırırıq ki, bu soyqırımının unudulmasına heç vaxt imkan verməyəcəyik. Bu soyqırımını türk xalqının problemi kimi qəbul edirik və birlik nümayiş etdiririk. Türk xalqı da bunun üçün əlindən gələni edəcək".
Millət vəkili Jalə Əliyeva vurğulayıb ki, yerli əhalinin də dediyinə görə, son dövrlərdə İstanbulda belə bir izdiham olmayıb: "Bu gün bütün dünya, Taksim meydanında baş verənləri izləyən hər bir insan Azərbaycanın haqq səsini eşidir. Buradan bizləri eşidən hər kəs bir daha bilsin ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bölgədə ikinci Ermənistan Respublikası qurula bilməz. Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. Bu mübarizə "Xocalıya ədalət!" zəfər çalanadək davam etdiriləcək".
Milli Məclisin üzvü Çingiz Qənizadə isə qeyd edib ki, bu yürüş xarici və beynəlxalq təşkilatların, bəzi dövlətlərin siyasi rəhbərlərinin yatmış vicdanlarının oyanmasına səbəb olacaq: "Çünki Türkiyənin bütün KİV-lərində bu yürüş haqqında, Xocalı soyqırımı barədə məlumatlar verilir. Bizim də məqsədimiz odur ki, Xocalı soyqırımı aktı beynəlxalq təşkilatlar tərəfindən tanınsın və hüquqi qiymətini alsın. Beynəlxalq hüququn normalarına və prinsiplərinə istinad edərək burada soyqırımının baş verməsi qəbul olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB