Ahıska Türklərinin bir qrup ziyalıları Xocalı Soyqırımının XX ildönümünü yad edib

Ahıska Türklərinin bir qrup ziyalıları Xocalı Soyqırımının XX ildönümünü yad edib

Atatürk Mərkəzində bir qrup Ahıska Türkü ermənilərin 1992-ci ildə Xocalıda törətdiyi Soyqırım faciəsini anıblar. SİA-nın məlumatına görə, toplantıda iştirak edən Ahıskalı ziyalılar ermənilərin Xocalıda törətdiyi Soyqırımın tarixdə misli görünməmiş faciə olduğunu vurğulayıblar. Həmçinin toplantıda o da qeyd olunub ki, məlum Fərqanə hadisələrindən sonra ikinci qrupu Azərbaycana pənah gətirmiş Ahıska Türkləri ölkənin bir neçə rayonunda olduğu kimi Xocalıda da məskunlaşıblar. Xocalı faciəsi zamanı şəhərdə 55 ailə, ümumilikdə 87 ahıskalı yaşayıb. Faciədən sonra 59 nəfəri girov götürülüb və onlardan 54-ü sonradan geri qaytarılıb, 5 nəfərdən isə hələ də heç bir soraq yoxdur.

Bundan əlavə, soyqırım zamanı 13 nəfər ahıskalı qətlə yetirilib, 15 nəfər isə ağır yaralanıb, qətlə yetirilənlər içərisində ən yaşlısı 89 yaşında ahıl, ən kiçiyi isə 6 aylıq körpə olub .

Bundan başqa 4 nəfər Ahıska Türkü türk olduqlarına görə erməni məzarlığı yanında boğazları kəsilərək vəhşicəsinə qətlə yetirilib. Hazırda həmin soyqırım gecəsi anadan olmuş ahıskalı gənc qız isə erməni qəddarlığının şahidi kimi şikəst yaşayır.

Qeyd edək ki, Xocalı faciəsi təkcə Azərbaycanlılara deyil, bütün Türk Dünyasına yönəldilmiş bir Soyqırım idi. Soyqırımı tanıyan Pakistan, Meksika kimi ölkələr isə tarixdə görülməmiş bu hadisənin bütün insanlığın faciəsi olduğunu bir daha təqstiqləyirlər.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə