Ankarada Xocalı Soyqırımı abidəsinin təməlqoyma mərasimi keçirilib

Ankarada Xocalı Soyqırımı abidəsinin təməlqoyma mərasimi keçirilib

Xocalı Soyqırımının 20-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin planlaşdırdığı silsilə tədbirlər çərçivəsində şənbə günü Ankaranın Kızılcahamam Rayonu Bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı Soyqırımı abidəsinin təməl atma mərasimini təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə səfir Faiq Bağırov başda olmaqla Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Kızılcahamam bələdiyyəsinin başçısı Coşqun Ünal, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.


Mərasim Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla və ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.


Daha sonra, Kızılcahamam bələdiyyəsinin başçısı Coşqun Ünal, diasporumuz adından Prof. Dr. Əflatun Nemətzadə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, vəkili Qənirə Paşayeva və səfir Faiq Bağırov Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçıları ilə dəyərli fikirlərini bölüşüblər.


Ardından, Xocalı soyqırımı abidəsinin yerləşəcəyi yerdə Kızılcahamam rayonunun dindar ağsaqqallarından birinin duaları ilə təməl atma mərasimi davam edib.


Bu tədbirin ardından, Türkiyənin nüfuzlu universitetlərindən biri Orta Doğu Texniki Universitetində (ODTÜ) Xocalı soyqırımı ilə bağlı geniş tərkibli xatirə tədbiri başlayıb.


Konfransda, səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, ODTÜ Beynəlxalq Münasibətlər Kafedrasının müdiri Prof. Dr. Hüseyin Bağcı, universitetin müəllim və tələbə kollektivi ilə yanaşı çox sayda elm adamı, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.


Tədbir Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli filmin nümayişi ilə başlayıb.


Daha sonra, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Türkiyə nümayəndəsi Dr. Gözde Kılıç, diasporumuz adından Xanım Xəlilova və başqaları Xocalı soyqırımı ilə bağlı fikirlərini öz çıxışları ilə auditoriyanın nəzərinə çatdırıblar.


Ardından səfir Faiq Bağırov, gənc senarist Nazim Muradovun qələmə aldığı "Xocalı Haykırışı" adlı teatr əsərini canlandıran Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə səfirliyin hədiyyələrini təqdim edib.


Tədbir zamanı "Xocalıya Ədalət" beynəlxalq imza kampaniyasına davam olunmuş, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.

Daha sonra Xocalı Soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.


Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində paytaxt Ankaranın çox sayda müxtəlif səmtlərində küçələrə Xocalı soyqırımı ilə bağlı təbliğat xarakterli foto və bilbordların asılması təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə