Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən birində Xocalı soyqırımı yad edilib - FOTO
23 Fevralda Böyük Britaniyanın ən yaxşı universitetləri arasında sıralanan Exeter Universitetində Ekzeter Azərbaycan Cəmiyyəti tərəfindən, Respublikamızın İngiltərədəki səfirliyinin dəstəyi ilə Xocalı Soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirin iştirakçıları arasında universitetin professorları və tələbələri, eyni zamanda ətraf şəhərlərdən cəlb olunmuş azərbaycanlı və əcnəbi qonaqlar olub.
Tədbirin açılış mərasimində çıxış edən Ekzeter Azərbaycan Cəmiyyətinin prezidenti Orxan Məmmədov iştirakçıları salamladıqdan sonra məruzəçiləri təqdim edərək konfransı açıq élan edib. İlk olaraq, siyasət elmləri namizədi, politoloq Sabina Metcalf faciənin tarixi kontekstdə təsvirini təqdim edib.
Daha sonra iştirakçılar Xocalı Soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Texas Azərbaycan-Amerika Şurası tərəfindən təqdim olunmuş erməni vəhşiliklərindən bəhs edən film nümayiş etdirilib.
Siyasi tədqiqatçı və Türk cəmiyyətinin elmi işlər üzrə nümayəndəsi Alixan Limoncuoğlu Azərbaycan-Türkiyə əlaqələrinin yaxınlığını vurğulayıb və faciədə yaxınlarını itirmiş ailələrə dərin başsağlığını bildirib.
Tədbir zamanı İngiltərənin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Ceyhun Novruzov iştirakçılara "Xocalıya ədalət" kampaniyası ilə bağlı geniş məlumat verib və qonaqlar tərəfindən ünvanlanan suallara cavab verib.
Tədbirin sonunda Orxan Məmmədov faciənin dünyaya çatdırılmasının vacibliyini qeyd edərək iştirakçıları Böyük Britaniya hökumətinə ünvanlanmış epitasiyaya qoşulmağa dəvət edib.
Sonra iştirakçılar müvafiq təbliğat materialları ilə tanış olub, kampaniyanın hazırladığı epitasiyaya imza atıblar.
Ekzeter konfransı Böyük Britaniya sakinlərinə Xocalı Soyqırımını daha yaxından tanımaq və belə bir faciənin bir daha yaşanmaması üçün dəstəklərini göstərmək şansını verdi.
Qeyd edək ki, Ekzeter Universiteti Azərbaycan Cəmiyyəti 2010-cu ilin noyabr ayında Orxan Məmmədovun təşəbbüsüylə yaradılmışdır .Cəmiyyət Azərbaycanın, mədəniyyətimizin ve tariximizin təbliğatiyla əlaqədar bir sıra böyük layihələrə imza atmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB