Ahıska türkləri Xocalı faciəsinin qurbanlarını anıb

Ahıska türkləri Xocalı faciəsinin qurbanlarını anıb

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ahıska türkləri Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirib. SİA-nın xəbərinə görə, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və daha sonra faciənin ağrılı-acısını əks etdirən filmə tamaşa ediblər. Tədbirdə çıxış edən Ahıska türkləri "Vətən" Cəmiyyətinin sədri Şəmsəddin Sərvərov bildirib ki, 1989-cu ildə Xocalı şəhərinə pənah gətirmiş yüzlərlə Ahıska türkü azərbaycanlılarla birlikdə 1992-ci il fevralın 26-da ermənilər tərəfindən soyqırıma məruz qalıblar. Qeyd olunub ki, bu soyqırımı tək Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün türk dünyasına qarşı yönəlmiş bir addım idi: "Bu qətliamda 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olmaqla 613 nəfər azəri türkü vəhşicəsinə öldürülüb, 487 nəfər ağır yaralanıb, 150 nəfər itkin düşüb və 1275 nəfər ermənilər tərəfindən girov götürülüb\".

Sədr Ahıska türklərinə ən böyük diqqət və qayğının ümummilli lider Heydər Əliyev tərəfindən göstərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev də Ahıska türklərinə hər zaman böyük qayğı və dəstək nümayiş etdirib. Məhz buna bariz sübut kimi Ahıska türklərinin 1-ci Beynəlxalq Qurultayının Bakıda keçirilməsi olub. Daha sonra çıxış edən Ahıska türkləri "Vətən" Cəmiyyətinin keçmiş sədri İbrahim Burhanov və digərləri Xocalıda yaşananları bəşər tarixi üçün böyük bir eyib, beynəlxalq hüquq görə isə insanlığa qarşı misli görünməmiş bir cinayət adlandırıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə