Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar olaraq Azərbaycanın Misir respublikasındakı səfirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Qahirədə Xocalı faciəsinin anım mərasimi və Misirin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən Əl-Əhram, Cümhuriyyə, Əl-Şuruk, Roza Əl-Yusif, Əl-Məsəi qəzetlərinin, "Nile News", "Qahirə" və "TRT Arabic" telekanallarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən səfir Ş.Abdullayev Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılması, 1918-ci ildə Bakıda ermənilər tərəfindən törədilmiş mart qırğınları, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışaraq, SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb.
Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirərək, Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Səfir Ş.Abdullayev jurnalistlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xocalı həqiqətlərinin ərəb-İslam dünyasının ictimaiyyətində geniş yayılması, bu cinayətin törədilməsinə məsul olan şəxslərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması və Azərbaycanın iqtisadi inkişafı barəsində çoxsaylı suallarını cavablandırıb.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və səfirliyin bəyanatı yayılıb. Xocalı faciəsi ilə əlaqədar həyata keçiriləcək silsilə tədbirlər çərçivəsində Misirin aparıcı qəzetlərində məqalələrin dərc edilməsi, Ayn-Şəms Universitetində bu faciə ilə əlaqədar konfransın keçirilməsi və Misirin peyk televiziya kanallarında sənədli filmlərin efirə verilməsi planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB