Xocalı soyqırımı Təbrizdə də anılıb - FOTO

Xocalı soyqırımı Təbrizdə də anılıb - FOTO

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda, Azərbaycan xalqının qanlı faciəsi – "Xocalı Soyqırımı" ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumatlar verilib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, tarix boyu dəfələrlə erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmiş Azərbaycan xalqının, bu faciə nəticəsində də ən dəhşətli qətliamlara məruz qaldığını diqqətə çatdırmış, yüzlərlə günahsız insanların qətlə yetirildiyini, itkin düşdüyünü, minlərlə insanın isə əsir götürüldüyünü, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı müsəlman aləminə aid türbələrin, kümbəzlərin, qəbiristanlıq və məscidlərin yerlə-yeksan edildiyini, Xocalının ən qədin sakinləri olan azərbaycanlılara aid bütün izlərin həmin gecədə silindiyini bildirib.

Baş konsul ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı Soyqırımı Günü haqqında" qərarın qəbul olunması ilə başlanan Xocalı Soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə beynəlxalq səviyyədə ədalətli siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlərin Azərbaycan Hökuməti tərəfindən daim davam etdirildiyini, lakin bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması üçün ilk olaraq Azərbaycana dost və qonşu ölkələr tərəfindən dəstək verilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Baş konsul Azərbaycanla yanaşı, qardaş Türkiyədə, Şərqi Anadoluda, eləcədə İranın Xoy, Maku, Salmas və digər şəhərlərində də ermənilərin tarix boyu günahsız insanları qətlə yetirdiklərini və bunların da dünya ictimaiyyətinə çatdırılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikasının Təbrizdəki baş konsulu da mərasimdə çıxış edərək səslənən fikirlərə qoşulduğunu bildirmiş, Xocalı Soyqırımının həqiqətən bəşəriyyət üçün qanlı faciə olduğunu, Azərbaycan xalqının kədərini anladıqlarını və faciənin qurbanlarına rəhmət dilədiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş və faciənin qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları, Baş Konsulluq tərəfindən Xocalı Soyqırımına aid şəkillərdən hazırlanmış foto-stendə baxmış, həmçinin sərgilənən kitab və qəzetlərlə tanış olublar.

Mərasimdə, Türkiyənin Respublikasını Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə