Ombudsman Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova paytaxtda və regionlarda, icmalarda, həmçinin QHT-lər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirib. SİA-nın xəbərinə görə, ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin nümayəndələrinin bu istiqamətdə fəaliyyəti də qeyd olunmalıdır.
Gəncə Regional Mərkəzinin əməkdaşları Samux rayonunun Qovlarşarı kənd bələdiyyəsində, Goranboyun Xınalı kənd icra nümayəndəliyində, Cəlilabad Regional Mərkəzinin nümayəndələri Masallının Kolatan və Lənkəranın Girdəni bələdiyyələrində "Xocalı soyqırımı – tarixin qanlı səhifəsi" mövzusunda dəyirmi masa və seminarlar keçiriblər. Bu tədbirlərdə adı çəkilən kəndlərin əhalisi, bələdiyyə üzvləri, kənd ziyalıları, icra nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının əməkdaşları çıxış edərək, tarix boyu erməni millətçiləri və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları törədildiyini, yüz minlərlə azərbaycanlının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu diqqətə çatdırıblar. Xocalı soyqırımının təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı çirkin siyasətin davamı, əsl genosid aktı olduğu bildirilib, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu soyqırımı aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyi, mülki əhalinin görünməyən vəhşiliklə qətlə yetirildiyi, əsir və girov götürülənlərə amansız işgəncələr verildiyi vurğulanıb.
Bu soyqırımının bəşər tarixinin ən qanlı səhifələrindən biri olduğu qeyd edilmiş, həmin faciənin iki yüz il müddətində erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olduğu bildirilmişdir. Müvəkkilin Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bəyanat verdiyi, bəyanatın nüfuzlu beynəlxalq təşkilatlara və xaricdəki ombudsmanlara ünvanlandığı bildirilib və bunun mətni ilə iştirakçılar tanış edilib.
Cəlilabad şəhər 7 nömrəli orta məktəbində keçirilmiş tədbirdə təhsil müəssisəsinin şagird və müəllim kollektivinə Xocalı soyqırımının əsl mahiyyəti barədə məlumat verilib, bu soyqırımı zamanı soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququnun kütləvi şəkildə, kobudcasına pozulduğu qeyd edilib. Ombudsmanın fəaliyyətində digər hüquqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə, o cümlədən qaçqın və məcburi köçkün uşaqlara dəstək verildiyi, onların hüquqlarının müdafiəsinə diqqət yetirildiyi, həyatda layiqli yer tutmalarına yardım edildiyi qeyd olunub.
Bu qəbildən olan tədbirlər Müvəkkilin digər regional mərkəzləri tərəfindən də təşkil olunub. Ombudsman Aparatının nümayəndəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında çoxsaylı kitab, jurnal və qəzet materiallarının nümayiş olunduğu "Xocalı harayı – 20" adlı sərginin açılışında və bu kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Xocalı soyqırımı – 20" kitabının təqdimat mərasimində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB