Geologiya İnstitutunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, institutun Gənc Alimlər Şurasının təşkil etdiyi anım mərasimində ermənilərin xalqımıza qarşı törətmiş olduğu tarixin unudulmaz faciəsi yeni nəsil tədqiqatçıların dili ilə xatırlanıb. Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov tədbiri açaraq 1992-ci il fevralın 26-da Ermənistanın silahlı qüvvələrinin Xocalıda törətmiş olduğu dəhşətli cinayətlərdən danışıb, faciənin nəticələrinin statistik rəqəmlərini xatırladıb. O qeyd edib ki, soyqırımını dünyaya tanıtdırmaq gənclərin, xüsusən də yeni nəsil tədqiqatçıların boynunda böyük vəzifədir və bu məsuliyyəti lazımınca daşımaq üçün texnologiyanın müasir imkanlarından istifadə etmək vacibdir.
İnstitutun digər gənc alimlərindən Fuad Əliyev Xocalı soyqırımı barədə daha geniş tarixi araşdırma ilə çıxış edib. Elmin gənc nümayəndələri qeyd ediblər ki, alimləri layihə və tədbirlərlə əlaqədar xarici ölkələrə ezam olunarkən Xocalı faciəsi barədə reallıqları dünyaya yaymaq istiqamətində önəmli fürsət qazanırlar. Bu fürsətdən lazımınca bəhrələnmək, o cümlədən xaricdə təhsil alan soydaşlarımıza soyqırımı barədə elmi əsaslı məlumatları internet vasitəsi ilə göndərmək gənclərin vəzifəsidir.
Sonra yaşlı nəslin nümayəndəsi, Geologiya İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, şair Hikmət Mahmudov çıxış edərək tədbirin böyük önəm daşıdığını söyləyib və Xocalı genosidini dünyaya tanıtdırmaqda gəncləri daha fəal olmağa çağırıb. O, soyqırımı qurbanlarının əziz xatirəsinə ithaf etmiş olduğu şeri ilə çıxışını tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB