Milli Məclisin Xocalı soyqırımının ildönümü ilə əlaqədar xüsusi iclası keçirilir

Milli Məclisin Xocalı soyqırımının ildönümü ilə əlaqədar xüsusi iclası keçirilir

Bu gün Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xüsusi iclası keçirilir.

SİA-nın məlumatına görə, öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.

İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı siyasətinin 100 ildən artıq bir tarixi var: "Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir. Təəssüf ki, müəyyən dövrə qədər ermənilər havadarlarının dəstəyindən istifadə edərək öz niyyətlərinə nail ola bilmişlər. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpaqlarında erməni dövləti qurmaq üçün, əraziləri boşaltmaq məqsədilə 1920-ci ilə qədər yarım milyona yaxın azərbaycanlı bugünkü Ermənistan ərazisindən, doğma yurdlarından qovulublar. Sovetlər dönəmində 1920-ci illərdə Zəngəzur mahalı, 1922-ci ildə Göyçə mahalı Ermənistanın tərkibinə verilmişdir".

Spikerin sözlərinə görə, 1948-1953-ci illərdə 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiyaya edilib: "1988-1993-cu illərdə isə Ermənistan və Dağlıq Qarabağdan 1 milyondan çox azərbaycanlı Dağlıq Qarabağdan və Ermənistanda qovulub didərgin salınıblar. Bundan sonra Ermənistan tərəfindən Azərbaycan torpaqlarını işğalı başlayıb. Bu işğallar ərzində ermənilərin törətdiyi ən dəhşətli faciə Xocalı soyqırımı olub. Lakin Xocalıya qədər də, Xocalıdan sonra da bir sıra yaşayış məntəqələrində azərbaycanlılar məhvə məruz qalıblar\".

O. Əsədov bildirib ki, Xocalı faciəsinə ilk hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib: "Ermənilərin törətdiyi işğal ermənilərin özlərinə də qarşı pis nəticə verməli və Ermənistan bundan nəticə çıxarmalıdır. Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, baş vermiş cinayətlərin təşkilatçıları öz layiqli cəzasını alacaqlar\".

Vitse-spiker Ziyafət Əsgərov iclasda çıxış edərək tarixi faktlar əsasında bu günə qədər Azərbaycanın başına gətirilən müsibətlər, soyqırımı hadisələri haqqında ətraflı məlumat verib.

İclasda Xocalı soyqırımı barədə qərar layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, yaradılan komissiyaya birinci vitse-spiker Ziyafət Əsgərov rəhbərlik edir.

Komissiyanın üzvləri millət vəkilləri Çingiz Qənizadə, Rasim Musabəyov, Mübariz Qurbanlı və Jalə Əliyevadır.

Parlamentin foyesində Xocalı faciəsini özündə əks etdirən foto və sənədlərdən ibarət sərgi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə