“Xocalı Ayı” çərçivəsində Kiyev Ürək Mərkəzində qanvermə aksiyası  keçirilib - FOTOSESSİYA

“Xocalı Ayı” çərçivəsində Kiyev Ürək Mərkəzində qanvermə aksiyası keçirilib - FOTOSESSİYA

İslam Konfransı Gənclər forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş Xocalı ayı çərçivəsində Kiyev ürək mərkəzində qanvermə aksiyası keçirilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən qanvermə aksiyasına Ukraynanın bir sıra yerli gənclər təşkilatları da qoşulub.

Ermənistan silahlı birləşmələri 20 il bundan öncə Xocalı şəhərində axıtdiqları günahsız insan qanına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Bu devizlə gün ərzində Kiyev Ürək Mərkəzinə gələn 200-dən çox azərbaycanlı və ukraynalı gənclər Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların, qadınların, qocaların və dinc əhalinin xatirələrini ürək xəstələrinə qan verməklə anıblar.

Aksiya iştirakçılarına ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri mərhələli soyqrımı siyasəti haqqında məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov 20 il bundan öncə qəddar erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdiyi növbəti vəhşiliklər nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadın, 70 qoca və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qan vermə aksiyasına qoşulmaqla yad etmələrini hümanist addım kimi dəyərləndirən Kiyev Ürək Mərkəzinin Qanköçürmə şöbəsinin müdiri Viktoriya Qorabets 1992-ci ildə Xocalıda axıdılmış günahsız qanları insanlığa yönəlik bəşəri cinayət adlandırıblar. Əyinlərində "Xocalıya ədalət" yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan Ümumukrayna Gənclər Assambleyasının, Kiyev Gənclər Mərkəzinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 20 il bundan öncə əlləri Azərbaycan xalqının qanına batan erməni cəlladlarının beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Gün ərzində qanvermə aksiyasına qoşulan gənclərə içərisində qarabağ həqiqətlərini və Xocalı faciəsini özündə əks etdirən film və kitablar olan paketlər təqdim olunub.


Əlmaniz ƏLƏKBƏRLİ, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə