Geologiya İnstitutu gənc alimlər üçün respublika miqyaslı müsabiqə keçirir

Geologiya İnstitutu gənc alimlər üçün respublika miqyaslı müsabiqə keçirir

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurası Yer elmləri sahəsində ən yaxşı elmi tədqiqat işi üzrə respublika miqyaslı II müsabiqəni keçirir. SİA-nın xəbərinə görə, müsabiqədə yaşı 35-ə qədər olan gənc alimlərdən başqa doktorant, magistr, bakalavr və elmi tədqiqatlar aparan digər gənclər iştirak edə bilər. Bu layihədə özünü sınamaq istəyən gənc tədqiqatçılar 2009-cu ildən 1 mart 2012-ci il tarixinədək çap olunan monoqrafiya, kitabça, məqalə və digər elmi əsərlərini fevralın sonunacan Gənc Alimlər Şurasına təqdim etməlidir.

Elmi tədqiqat işləri Azərbaycan və Rus dillərində yazılmış bir səhifəlik xülasə ilə birgə təhvil verilməlidir. Hər iştirakçıdan həmmüəlliflərlə birlikdə və ya fərdi olmaqla yalnız bir elmi-tədqiqat işi qəbul olunur. Qaliblər bu ilin aprel ayında müəyyən ediləcək. Birinci yeri tutan elmi-tədqiqat işinin müəllifi 800, ikinci 400, üçüncü yerin sahibi isə 250 manatla mükafatlandırılacaq. Digər 5 müəllif isə 150 manatla həvəsləndiriləcək.

Müsabiqə Azərbaycan Geoloqları Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə