Fizuli Ələkbərov Tovuz rayonunda Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş ailələrlə görüşüb

Fizuli Ələkbərov Tovuz rayonunda Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş ailələrlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Tovuz rayonunun Vahidli kəndində olaraq, həmin kənddə ötən ilin mart ayında "Özünədəstək"-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş ailələrlə görüşüb. SİA-nın xəbərinə görə, nazir aktiv sosial müdafiə tədbiri olan yeni layihənin həmin ailələrin yaşayışında, ümumən kəndin sosial-iqtisadi həyatında hansı nəticələr verdiyi ilə yerindəcə tanış olub.

Tanışlıq zamanı ailələrin verilmiş mal-qaradan səmərəli istifadə edərək öz təsərrüfatlarını tədricən genişləndirmək əzmində olduqları məlum olub. Bununla yanaşı, ötən müddətdə verilmiş mal-qaranın sayının nisbətən artdığı, ümumən bu proqramın həmin ailələrin daimi məşğulluğuna, işgüzarlığının yüksəlməsinə, onların yaşayışına, nəticə etibarilə, kənddə maldarlığın inkişafına müsbət təsir göstərdiyi diqqəti cəlb edib.

Nazir Fizuli Ələkbərovla görüşdə kənd camaatı aztəminatlı ailələrin yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün onların mövcüd imkanları nəzərə alınmaqla "Özünədəstək"-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb edilməsinin məqsədyönlü və effektli bir tədbir olduğunu vurğulayıb. Kənd camaatı belə bir səmərəli aktiv sosial müdafiə tədbirinə məhz onların doğma kəndində başlanılmasını ölkə rəhbərinin onlara – sərhədyanı yaşayış məntəqələrinin əhalisinə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirib.

"Özünədəstək" layihəsinin icrası sahəsində əldə olunan müsbət təcrübənin bu layihəni digər bölgələrdə də davam etdirməyə imkan verdiyini qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, əsas məqsəd aztəminatlı ailənin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, ona öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün müvafiq şəraiti yaratmaqdır. Bundan sonra da dövlət aztəminatlı ailələrə bu istiqamətdə lazımi dəstəyi verəcəkdir və ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensialları olan hər bir aztəmintlı ailə bu layihəyə cəlb olunacaqdır.

Görüşdə bu layihənin icrasının Tovuz rayonunun təmas xəttində yerləşən digər kəndlərində də davam etdirilməsi qərara alınıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, "Özünədəstək layihəsinin ilkin olaraq Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində sınaq işlərinə başlanılıb. Tovuz rayon mərkəzindən 12 km aralıda yerləşən, Ermənistanla 5 km-lik sərhəddi olan, 1150 sakinin yaşadığı 325 ev təsərrüfatına malik kənddə ünvanlı yardım alan 52 ailədən 18-nə orta aylıq ünvanlı yardımın bir illik məbləği müqabilində öz istəkləri əsasında maldarlıqla məşğul olmaq və özünü təminetmə imkanlarını artırmaq üçün mal (15 ailənin hər birinə yanı balalı 1 inək, 3 ailənin hər birinə isə 7 qoyun və 7 quzu) alınıb verilib və onlar həmçinin ot bağlamaları ilə təmin edilib.

Əldə olunan müsbət təcrübəyə əsasən layihənin Bakının Nizami rayonunda, eləcə də Masallı, Xaçmaz və İsmayıllı rayonlarında icrası nəzərdə tutulur. Artıq Nizami rayonunda layihənin icrasına başlanılıb və nazirlik yanında fəaliyyət göstərən, QHT nümayəndələrinin təmsil olunduğu İctimai Şuranın iştirakı ilə burada layihəyə cəlb olunacaq 30 ailə seçilərək, onlarla görüş keçirilib. Yaxın günlərdə həmin ailələrə kiçik istehsal və müxtəlif xidmət sahələri ilə məşğul olmaq üçün birdəfəlik ünvanlı yardım veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə