Şəmkirdə yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib

Şəmkirdə yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib

Bu gün Şəmkir rayon Olimpiya İdman Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib. SİA-nın xəbərinə görə, yarışın açılışında iştirak edən Azərbaycan Cudo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi böyük diqqət və qayğının uğurlu bəhrələrindən söz açaraq, 2012-ci ilin respublikamızda "İdman ili" elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçısının idmana davamlı dəstəyi sayəsində əksəriyyəti bölgələrdə olmaqla yaradılan Olimpiya İdman Komplekslərinin sayı ilbəil artır, ölkəmizdə olimpiya hərəkatı daim genişlənir, idmançılarımız, həmçinin cüdoçularımız beynəlxalq turnirlərdə möhtəşəm qələbələrə imza atır.

Cəmiyyətdə idmana, o cümlədən cüdoya maraq hissinin günbəgün artdığı, gənclər arasında cüdonun populyar idman növünə çevrildiyi vurğulanmaqla qeyd olunub ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb. Şəmkir rayonunda yeniyetmələr arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması üçün birgə səylərin göstərilməsi, bu sahədə qarşıda duran vəzifələrin müzakirə olunması məqsədinə xidmət edir.

Məlumat üçün bildirək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cudo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə