\"Xocalısız 20 il\"

Bu gün İstiqlal Muzeyində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan "Xocalısız 20 il" adlı tədbir- sərgi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən muzeyin direktoru Fəridə Şəmsi faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Onun sözlərinə görə, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: "Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub".

Daha sonra çıxış edən tanınmış operator polkovnik- leytenant Seyidağa Mövsümlü vurğulayıb ki, Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb: "Şəhərə hücum toplardan, tanklardan, \"Alazan\" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olub ki, bu məkrli hiylə imiş".

Sərgidə həmçinin ilk dəfə olaraq Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədovun Xocalı soyqırımını əks etdirən 20 rəsm əsərləri nümayiş olunub.

Qeyd edək ki, tədbirdə Rəssamlar İttifaqının üzvləri, Gənc Turizm Diyarşünaslıq Mərkəzinin nümayəndələri, Prezident Qvardiyasının, Daxili Qoşunların, Sərhəd Qoşunların Sahil Mühafizəsinin əsgərləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə