Xocalı soyqırımı barədə alman dilində nəşr olunan kitabın təqdimatı keçirildi
Ölkə başçısının sərəncamına uyğun olaraq Səbail rayon İcra Hakimiyyətinin Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Bakı şəhərində keçirdiyi tədbirlər çərçivəsində Almaniyanın Maqdeburq şəhərinin Bazar İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşunun Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar alman dilində nəşr etdirdiyi kitabın təqdimat mərasimi keçirildi. SİA-nın xəbərinə görə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş foto stend və kitab şərqisi ilə tanış olduqdan sonra faciə zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra tədbir iştirakçıları soyqırımı əks etdirən filmə tamaşa etdilər.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əskərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlərdən danışdı: "Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə bu məsələyə siyasi qiymət verilib. Faciənin dünya ictimaiyyətinə çatdırılması üçün də işlər görülür. Bu gün təqdim olunan kitab da bu istiqamətdə görülən işlərdən biridir".
Kitabın müəllifi Rolf Kunşun isə bildirdi ki, alman dilində nəşr olunan kitab sənədlərə istinadən yazılıb: "Kitab Almaniyada bütün orta və ali məktəblərində yayılacaq. Məqsədim alman xalqını Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, kitabın köməkliyi ilə alman xalqına həqiqətləri çatdırmaqdır".
Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev isə bildirdi ki, Xocalı və ümumiyyətlə Xocalı faciəsinin Almaniyada tanınması istiqamətində işlər görülür: \"Rolf Kunşun Xocalı faciəsi ilə bağlı yazdığı kitabda bu istiqamətdə atılan addımlardandır. Bu istiqamətdə tədbirlər indidən sonra da davam edəcək ki, Almaniya cəmiyyəti Xocalı soyqırımı və Qarabağla bağlı həqiqətləri bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB