Ombudsman Aparatı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Aparatı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 20 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı iki yüz il davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

1988-ci ilin fevralından bu işğalçı dövlətin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışlarına keçmiş sovet rəhbərliyinin heç bir siyasi qiymət verməməsi nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmişdir. 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüşdür. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qalmış, belə ki, bir milyon soydaşımız ağır qaçqın və öz vətənində məcburi köçkün həyatı yaşamaqdadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu tamamilə dağıdılmış və yandırılmışdır. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan insanları amansızcasına qətlə yetirmişlər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı zamanı bir neçə saat ərzində adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Qadınlar, qocalar, əlillər, uşaqlar misli görünməmiş qəddarlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.

Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, genosid kimi dəyərləndirilməlidir.

Belə ki, beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq

normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.

Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqa əsasən məhz genosiddir və həmin vəhşilik, vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün mənfur əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya və digər müvafiq beynəlxalq hüquqi aktlar Xocalı faciəsinin soyqırımı kimi tanınmasına hüquqi əsas verir.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir.

Azərbaycanın bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin həyatında əlamətdar hadisədir, müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etmiş respublikamızın beynəlxalq imicinin daha da yüksəlməsinin, dünya birliyindəki yerinin möhkəmlənməsinin bir daha təsdiqidir.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərir. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" Sərəncam imzalamışdır. Sərəncamda göstərilir ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir nəticə verməmişdir. Sərəncamda xüsusi vurğulanır ki, erməni şovinist dairələrinin azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sərəncamda həmçinin Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır.

Ölkə Prezidenti bu günlərdə keçirilmiş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Hillari Klintonla, digər rəsmi şəxslərlə, habelə Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fikir mübadiləsi aparmış, bununla bağlı birgə səylərin artırılmasının zəruriliyi vurğulanmışdır.

Xalqların, bütün tərəqqipərvər bəşəriyyətin, sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırki dövrdə Ermənistan dövləti, təəssüf ki, bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir.

AŞPA-da qəbul olunmuş 1416 saylı qətnamədə Avropanın bütün ölkələrini əhatə edən bu qurum tərəfindən Ermənistan işğalçı dövlət kimi tanınmışdır. Bu sənəddə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur. Təəssüf ki, adıçəkilən qətnamənin icrasında heç bir irəliləyiş yoxdur, Ermənistan tərəfi qarşısına qoyulmuş tələbləri həyata keçirmir.

Bu qətnamənin icrasına nəzarət məqsədi ilə vaxtilə yaradılmış, sonradan fəaliyyətini dayandıran alt komitənin işinin yenidən bərpa olunması ilə bağlı hələ bir il əvvəl AŞPA-nın Bürosu qərar qəbul etmişdir. Alt komitə Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək göstərir. Bu qurum Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq etmiş, BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məlum qətnamələrinin yerinə yetirilməsini tələb etmiş, beynəlxalq təşkilatlara müraciətlə Ermənistanı bu qərarları yerinə yetirməyə çağırmışdır.

Hazırda Xocalı faciəsi beynəlxalq səviyyədə, bir sıra dövlətlərin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur. Bu günlərdə Avropalı millət vəkillərinin Xocalı soyqırımı ilə bağlı imzaladığı sənəd Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bəyanatı kimi qəbul edilmiş və bu qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunaraq, deputatlar arasında yayılmışdır. AŞPA-nın Bəyanatında deyilir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırımı bəşəriyyət tarixində törədilmiş qeyri-insani və ən kütləvi xarakterli aktlardan biridir.

Həmin sənəddə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Sovet İttifaqına məxsus 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etdiyi və dinc sakinləri etnik milli mənsubiyyətinə görə amansızcasına soyqırımına məruz qoyduğu xüsusi vurğulanmışdır. Bəyanatı imzalayan millət vəkilləri Avropa Şurasını, həmin qurumun Parlament Assambleyasını, digər beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu qeyri-insani, qəddar cinayəti pisləməyə, bəşəriyyət əleyhinə törədilmiş qanlı aksiyaya hüquqi və siyasi qiymət verməyə çağırmışlar.

Ötən il noyabrın 4-də Meksika Senatında, dekabrın 8-də isə bu ölkənin Deputatlar Palatasında qərarlar qəbul edilmişdir. Həmin sənədlərdə bildirilir ki, Ermənistan silahlı qüvvələri 26 fevral 1992-ci il tarixdə Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı hücuma keçmiş və beynəlxalq insan hüquqları üzrə təşkilatların tərəddüd etmədən soyqırımı adlandırdığı bu hadisə zamanı əsasən etnik mənsubiyyətinə görə yüzlərlə insanın həyatına son qoyulmuşdur. Xocalı soyqırımından uzun müddət ötməsinə baxmayaraq, hələ də ədalətə nail olunmadığı vurğulanmış, eyni zamanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmasının vacibliyi qeyd edilmişdir.

ABŞ Konqresində Tennesi ştatının demokratik təmsilçisi Stiv Koen Xocalı qırğınının 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış etmiş, bu faciəni anmağa çağırmış, Xocalı şəhəri əhalisinin bir qisminin hücum ərazisindən çıxmaq istəyərkən işgəncələrlə öldürüldüyünü qeyd etmiş, ermənilər tərəfindən qadınlara, uşaqlara və yaşlı insanlara qarşı zorakılığı və işgəncələri "təsviredilməz" adlandırmışdır. ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Dən Boren bu hadisə ilə bağlı verdiyi bəyanatda qeyd etmişdir ki, "Xocalı şəhəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində Azərbaycan mənşəli əhalinin ən böyük qırğına məruz qaldığı məkandır. Yeddi min əhalisi olan Xocalıya hücumdan sonra bu şəhər tamamilə yerlə-yeksan edilmiş, yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmiş və yaralanmışdır. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir".

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun "Xocalıya ədalət!" kampaniyasını bir daha dəstəkləmişdir. Adı çəkilən

kampaniya hazırda dünyanın 35-dən çox ölkəsində həyata keçirilməkdədir və məramı beynəlxalq ictimaiyyəti qanlı faciə ilə bağlı məlumatlandırmaq, həmin soyqırımına siyasi-hüquqi qiymət verilməsini təmin etməkdir. İƏT-in üzvü olan 51 dövlətin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilmiş VII sessiyasında müvafiq Qətnamə qəbul edilmişdir. Qətnamədə göstərilir ki, həmin ölkələrin parlamentləri dünya ictimaiyyətini və beynəlxalq qurumları Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səyləri dəstəklənir. Bu il fevralın 1-də Pakistan İslam Respublikasının Senatı "Pakistan-Azərbaycan münasibətləri" ilə bağlı dinləmələrdən sonra Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etmişdir. Qətnamədə qeyd olunur ki, bu respublikanın Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını qətiyyətlə pisləyir.

Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin Azərbaycanın regiona sülh gətirmək cəhdlərini və bu istiqamətdə fəaliyyətini dəstəklədiyini bildirmiş, Koreya parlamentinin Xocalı soyqırımını araşdıracağını vurğulamışdır.

Türkiyə parlamentinin millət vəkili Sinan Oğan XX əsrin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımının tanınması üçün Böyük Millət Məclisinə qanun layihəsi təqdim olunduğunu, bu qətliamın qurbanlarının xatirəsinə Ankarada abidə ucaldılması və mərkəzi küçələrdən birinin "Xocalı" adlandırılması təkliflərinin parlamentdə müzakirə ediləcəyini bildirmişdir.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bu günlərdə Fransa Senatının uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanununun qəbulu ilə bağlı atdığı addım beynəlxalq hüquq normalarının pozulması ilə yanaşı, insan hüquqlarına tamamilə zidd bir hərəkətdir. Bu qanunun ifadə azadlığını məhdudlaşdırdığını dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu sənədə qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının bu qərarı fundamental insan hüquq və azadlıqları ilə kəskin ziddiyyət təşkil edir.

Siyasi mübarizə məqsədləri ilə tarixin təhrif olunması tamamilə yolverilməzdir. Təsadüfi deyil ki, AŞPA "erməni soyqırımı" ilə bağlı qərarı tənqid etmiş, bu qurumun yeni sədri Jan-Klod Minyon Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılmasının qəti əleyhinə olduğunu bildirmişdir. O, fransalı deputat olaraq, Fransa Milli Assambleyasının bir qrup deputatı tərəfindən irəli sürülmüş bu təklifin tamamilə əleyhinə olduğunu, tarixi yazmağın deputatların deyil, tarixçilərin işi olduğunu vurğulamışdır. AŞPA sədri az sonra Fransa Senatında qəbul edilmiş həmin qanunun qüvvədən düşməsi üçün bu ölkənin Konstitusiya Şurasına göndərilən müraciəti imzalamışdır. O, rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrinə, ölkəmizlə AŞ arasında qarşılıqlı inama böyük önəm verdiyini vurğulamışdır.

Fransada artıq 72 senator bununla bağlı Konstitusiya Şurasına müraciət etmişdir və dünya ictimaiyyəti bu məhkəmənin bir ay ərzində həmin qanunun Konstitusiyaya uyğun olub-olmaması barədə rəyini gözləyir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti "erməni soyqırımı"nın inkar edilməsinə cəza nəzərdə tutan məlum qanunun müzakirəsi zamanı ədalətli mövqe nümayiş etdirərək bu günlərdə respublikamıza səfər etmiş, öz ölkəsinin Konstitusiya Şurasına müraciət ünvanlamış Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan İşçi Qrupunun rəhbəri, senator xanım Natali Qulenin və onun başçılıq etdiyi parlament nümayəndə heyətinin üzvləri olan senatorlarla görüşündə həmin qanunun tarixi təhrif etdiyini, demokratiya və söz azadlığına zidd olduğunu, yalan və saxta məlumatlara əsaslandığını vurğulamışdır.

Avropa Şurasının Baş katibi T.Yaqland və AŞ İnsan hüquqları üzrə Komissarı T.Hammarberq Fransa Senatı tərəfindən məlum məsələyə düzgün yanaşılmadığını, qəbul edilmiş qanunun söz azadlığını məhdudlaşdırdığını bildirmişlər.

Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor qurumları daha sıx təşkilatlanaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, xalqımıza qarşı törədilmiş silsilə terror aktları, həmçinin Xocalı faciəsi ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətinin doğru-düzgün məlumatlandırılması məqsədilə kütləvi aksiyalar, anım mərasimləri keçirirlər. Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində Xocalını anım günləri, bu qanlı faciə mövzusunda dəyirmi masalar, debatlar, xatirə konfransları təşkil olunmaqdadır.

Dünya ictimaiyyəti qəbul edir ki, Azərbaycan tərəfi haqlıdır, onun ərazisi işğal olunub, Azərbaycana məxsus olan Dağlıq Qarabağ güc yolu ilə onun nəzarətindən çıxarılıb və ölkəmizin ərazi bütövlüyünün bərpasını dəstəkləyir. Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur.

İkili standartlara yol vermədən beynəlxalq təşkilatlar məlum münaqişənin həllinə yönəlmiş səylərini beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun olaraq daha da artırmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən bu faciə genosid aktı kimi tanınmalı, Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad olunmalı, pozulmuş hüquqları bərpa edilməklə qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə