“Sabahın alimləri” Bakıda bilinəcək

“Sabahın alimləri” Bakıda bilinəcək

Sabah Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi və "Mədəd" təşkilatı birgə olaraq "Sabahın alimləri" respublika müsabiqəsinə start verəcək. SİA-nın xəbərinə görə, ölkədə ilk dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı verməkdir. Ən mühüm məqam isə bu məktəblilərdən 5 nəfərin seçilərək ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi-"İntel İSEF"-ə göndərilməsidir."Intel ISEF" və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Qeyd edilən müsabiqənin keçirilməsində əsas məqsədşagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda "məktəb - ali təhsil müəssisəsi - doktorantura" triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Məhz bu səbəbdən də, müxtəlif ölkələrdə müsabiqələrinkeçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.

Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artıb. Bu da elm tutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olub.

Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin2012-ci il may ayının 13-də ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilməsi planlaşdırılır. Ölkəmizin də bu il müsabiqəyə qatılması nəzərdə tutulur. Müsabiqə bütün dünya ölkələri üçün aktual olduğu kimi, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Müsabiqənin Elmi Ekspertiza Şurasına 87 layihə təqdim edilib. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompyuter elmləri üzrə fənləri əhatə edir.

Müsabiqə ilə əlaqədarwww.sabahinalimleri.edu.azsaytı yaradılıb. Müsabiqə 24 fevral tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə