Xocalı Soyqrımının 20-ci ildönümü Odessa şəhərində gənclərin etiraz yürüşü və fleş mobla yad edilib - FOTOSESSİYA

Xocalı Soyqrımının 20-ci ildönümü Odessa şəhərində gənclərin etiraz yürüşü və fleş mobla yad edilib - FOTOSESSİYA

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birliyinin təşkil etdiyi etiraz yürüşünə ukrayna, moldova, yəhudi, türk və tatar gəncləri də qatılıb.

Ermənilər Xocalıda törətdikləri vəhşiliklərə görə tarix qarşısında cavab verməlidir! Bu şüarla Odessa şəhərinin mərkəzi küçə və meydanlarında etiraz yürüşü keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları, türk, tatar, yəhudi, ukrayna və digər xalqların gənclər təşkilatlarının nümayəndələri yerli əhaliyə ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri foto-informasiya bukletlərini paylamaqla çatdırıblar. Havanın şaxtalı olmasına baxmayaraq yerə sərilərək Xocalı qurbanlarının sayını özündə əks etdirən 613 rəqəmini nümayiş etdirən gənclər Odessa şəhərinin mərkəzi meydanından havaya üzərində Xocalıya ədalət sözləri yazılmış 613 qara şar buraxmaqla indiyədək erməni vəhşiliyinə göz yuman dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər. Sonra Odessa vilayətində yaşayan bir sira xalqların diaspora nümayəndələrinin, yerli və xarici tələbələrin iştirakı ilə Xocalı qurbanlarının anım mərasimi keçirilib. Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 1992-ci ildə indiki Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı həyata keçirilmiş misli görünməmiş vəhşiliklərə indiyədək beynəlxalq təşkilatların hüquqi-siyasi qiymət verməməsini dünyada hökm sürən ikili standartların məntiqi nəticəsi kimi səciyyələndiriblər.

Mərasimə qatılanlar xocalı qətliamını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşililərlə tanış olublar.

Xocalı soyqrımında bir başa əli olan rəsmi İrəvan və onun hazırkı rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Filmə baxdıqdan sonra belə bir bəyanatla çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulu Hüseyin Ərqani, ümumukrayna gənclər təşkilatının sədri Anton Daritçenko, Moldova gənclər təşkilatının sədri Andrey Tetyu və digər çıxış edənlər aradan 20 il ötməsinə baxmayaraq dünya birliyinin belə bir faciəyə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

Tədbirin sonunda ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub.


Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə