Çaylarda monitorinq keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə növbəti monitorinq keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, fevral ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının birinci ongünlüyünə nisbətən 5 m3/san azalaraq 137 m3/san təşkil dib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsi və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Fevral ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.41-7.05 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.


Bütün xəbərlər Facebook səhifəmizdə