YAP Gənclər Birliyinin üzvləri: \"\"Biz Xocalılıyıq\" devizi altında yürüş keçirəcəyik\" - MÜSAHİBƏ
YAP Xətayi rayonu Gənclər Birliyi idarə heyətinin üzvü Aliyə Ağrılı və Gənclər Birliyinin üzvü Riyad Məmmədzadənin SəsTV-yə müsahibəsi:
- YAP Gənclər Birliyi mütəmadi yay və qış məktəbləri təşkil edir. Hazırda davam edən qış məktəbləri nə vaxtdan başlayıb, nə vaxta kimi davam edəcək və hansı bölgələrdə keçirilir?
Riyad Məmmədzadə:
- Qış məktəblərinin ilk mərhələsi fevral ayının 17-dən 19-a kimi keçirildi. YAP gənclərinin bir qrupu Qəbələyə, digər bir qrupu isə Oğuza səfər etdilər. Konfrans çərçivəsində müxtəlif müzakirələr təşkil edildi. qeyd edim ki, gənclərimiz bu cür tədbirlərlə bir sıra nailiyyətlər qazanırlar. İctimai siyasi hadisələrdə yaxından iştirak etmək və öz fikirlərini istənilən məsələlərdə ifadə etmək gənclərə təbii ki, müsbət təsir edir. Onlar ictimaiyyətdə öz rollarını anlayır və əhəmiyyətlərini hiss edirlər.
- Qış məktəbi çərçivəsində eyni zamanda \"Azərbaycan 2020: gələcəyə baxış\" mövzusunda konfrans keçirilib. Bu konfransın keçirilməsinin əsas məqsədi nə idi?
Aliyə Ağrılı:
- Qış məktəbi layihəsi çərçivəsində həmin konfrans fevral ayının 18-də keçirilib. Konfransda iştirak edən YAP GB-nin üzvləri prezident İlham Əliyevin \"Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyasının hazırlanması ilə bağlı sərəncamının Azərbaycanın inkişafını daha da genişlənməsinə şərait yaradacağını qeyd etdilər. Mən konfransın iştirakçısı olaraq deyə bilərəm ki, konfrans nəzərdə tutulan vaxtdan bir saat da artıq davam etdi. Burada gəncliyimizin Azərbaycanın müasir inkişaf prosesində fəal iştirak etməsi ilə bağlı bir sıra müzakirələr aparıldı. Biz inanırıq ki, Azərbaycan özünün inkişafı və ölkə başçısının yeritdiyi siyasət nəticəsində beynəlxalq aləmdə hər keçən gün daha da irəliləyəcək. Tədbirdə çıxış edən gənclər konsepsiya ilə bağlı fikir və təkliflərini irəli sürdülər.
- Konfrans gənclərə əsasən nə qazandırdı?
Riyad Məmmədzadə:
- Bildiyiniz kimi, konsepsiyanın 3 əsas istiqaməti mövcuddur. 1-si Azərbaycan informasiya və texnologiya sahəsində inkişafı, 2-si turizm sahəsində inkişaf, 3-cü prioritet sahə isə kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlıdır. Konfrans çərçivəsində çox maraqlı müzakirələr həyata keçirildi. Məhz bunun nəticəsi oldu ki, konfrans üçün nəzərdə tutduğumuz reqlamenti keçdik.
Aliyə Ağrılı:
- Konfransın gənclərə nələr qazandırdığı məsələsi çox genişdir. Belə ki, biz facebook şəbəkələri haqda müxtəlif məsələləri müzakirə etdik. Bu gün Azərbaycan reallığında ən əsas məsələlərdən biri də məhz facebook sosial şəbəkəsindən istifadə formaları və məqsədləridir. Gənclər Birliyinin üzvləri tədbir çərçivəsində görüş keçirdiyimiz gənclərlə birlikdə sosial şəbəkələrdən ən doğru məqsədlər üçün istifadə edilməsi ilə bağlı bir sıra vacib məsələlərə də toxundular.
- Qış-yay məktəbləri layihəsi çərçivəsində xarici ölkə gəncləri ilə hansısa görüşlərin keçirilməsi nəzərdə tutulurmu?
Aliyə Ağrılı:
- Qarşıdan gələn Xocalı soyqırımının ildönümü ilə bağlı Türkiyə Gənclər Birliyi ilə birgə Türkiyədə Taksim meydanında "Biz Xocalılıyıq" devizi altında yürüş keçirməyi nəzərdə tutmuşuq. Bu vasitə ilə biz Xocalı soyqırımını bir növ dünyaya bəyan etməyə çalışırıq. Səylərimizin nəticəsiz qalmayacağına isə əminik. Ümumilikdə isə YAP Gənclər Birliyinin üzvlərinin beynəlxalq aləmdə gənclərlə münasibəti olduqca yaxşıdır və əlaqələrimiz hər keçən gün daha da inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB