Siyəzən rayonunda 2011-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Siyəzən rayonunda 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra rayonda fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsulların, eləcə də kənd təsərrüfatı istehsalının vəziyyətini əks etdirən sərgi ilə tanışlıq olublar. Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, ötən il rayon üçün çox uğurlu il olub. Prezident İlham Əliyevin rayona səfəri siyəzənlilərin yaddaşında silinməz izlər buraxıb. Həmçinin vurğulanıb ki, əsas kapitala yönəldilmiş investisiyanın 70,6 faizi sənayenin, 15,3 faizi yol infrastrukturunun, 5 faizi isə kəndə təsərrüfatının payına düşür. Siyəzən şəhərinin qısa vaxtda şəhərsalma və arxitektor normalarına uyğun yenidən qurulması məqsədilə layihələr hazırlanır. Rayonda sosial tikintilərin aparılması ilə əlaqədar bir sıra layihələrin icrası üçün müvafiq işlər də görülməkdədir. Belə ki, qısa vaxtda "Bayraq Meydanı", "Gənclər evi", YAP Siyəzən təşkilatı üçün inzibati bina, Şəhər Mərkəzi kitabxanasının tikintisi, Şəhər İstirahət Parkının və H.Əliyev küçəsinin yenidən qurulması, idman kompleksi və digər obyektlərin inşasına başlanıb. Artıq rayonda 9 nömrəli uşaq bağçası əsaslı təmir olunur. Gil-Gilçay qəsəbə və Məşrif kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Yaxın müddətdə Siyəzən-Qalaaltı yolunun çəkilişinə başlanacaq və bu yol 19 yaşayış məntəqəsinin və 4 min nəfərdən çox əhalinin yol şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.
Siyəzən şəhərindəki çoxmərtəbəli binaların dam örtüklərinin, kommunikasiya xətlərinin əsaslı təmiri və həyətlərinin abadlaşdırılması işləri görülüb. Belə ki, Gənclik yaşayış massivində H.Talıbov küçəsində 8 çoxmərtəbəli yaşayış binasından artıq 6-nın dam örtüyü sökülərək yenidən vurulub, binaların fasadlarının əsaslı təmirinə başlanıb. Zirzəmilərində uzun illər yığılıb qalan çirkab sular təmizlənib, su və kanalizasiya sistemlərinin əsaslı təmiri işlərinə başlanıb. H.Talıbov küçəsi və H.Əliyev küçəsindəki 46 nömrəli binanın ərazisinin nümunəvi küçəyə çevrilməsi istiqamətində bir sıra işlərin görülməsinə başlanıb. Belə ki, uzun illər şəhər təsərrüfatına baxımsızlıq üzündən və şəhərsalma norma və qaydalarına əməl edilmədiyindən sözügedən ərazilər son dərəcə acınacaqlı vəziyyətdə idi. Bakı-Rusiya Federasiyası avtomobil yolunun tikintisi ilə əlaqədar Siyəzən rayonunun giriş yolu bağlanıb. Ona görə də yolun 102-ci km-dən şəhərə, həmçinin həm Bakı, həm də Quba istiqamətində gediş-gəlişə imkan verən yol ötürücüsünün tikintisinə başlanıb. Eyni zamanda yolun 88-ci km-dən Xızır-Zində ziyarətgahı ərazisindən Siyəzən şəhərinə giriş körpüsünün tikintisi işləri davam etdirilir, bu da rayon əhalisinin rahatlığını təmin edəcək amillərdəndir. Hazırda ərazidə torpaqbərkitmə işləri mərhələsi gedir. Siyəzən rayonunda yaşıllıq zolağının salınması məqsədilə ağacəkmə aksiyalarına start verilib.
Qeyd edək ki, hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Arif Novruzov iştirak edib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB