Mübariz Əhmədoğlu: \"22 fevral 1988-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı ilk azərbaycanlı qanının töküldüyü gündür\"
\"Fevralın 22-si tarixi Dağlıq Qarabağ münaqişəsinin yaranmasına təkan verən ən mühüm günlərdən biridir\". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti "Dağlıq Qarabağ" saatında deyib. O bildirib ki, erməni təbliğatı hər zaman bu tarixin yaddan çıxmasına çalışıb. M.Əhmədoğlunun sözlərinə görə, 20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməsi ilə bağlı qərar qəbul edib ki, bu da DQMV-nin azərbaycanlı əhalisi tərəfindən narazılıqla qarşılanıb.
"Buna etiraz olaraq fevralın 22-də Əsgəran rayonunun yerli əhalisi bir yerə toplaşaraq öz narazılıqlarını bildirməyə başladı. Bu zaman rəsmi Bakı əraziyə nümayəndə göndərdi. Lakin rəsmi Bakının göndərdiyi nümayəndə heyətinin azərbaycanlılarla apardığı danışığın effekt verdiyi zamanda, başqa sözlə, dinc yolla azərbaycanlı sakinlərin geri qayıtmasının mümkünlüyü bəlli olduqdan sonra ermənilər atəş açaraq iki azərbaycanlı gənci öldürdülər. Bununla da 22 fevral 1988-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı ilk azərbaycanlı qanının töküldüyü gündür. Ancaq unutmayaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələr hələ 1987-ci ildən başlayıb. Belə ki, 1987-ci il noyabrın sonlarında SSRİ-nin o zaman rəhbəri olan Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri işləyən, milliyətcə erməni akademik Abel Aqanbekyanın Fransanın sol yönümlü "Humanite" qəzetində müsahibəsi çıxdı. O müsahibəsində DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə daxil olmasını, ümumilikdə SSRİ-də iqtisadi vəziyyətin dəyişməsinə təsir edə biləcək hadisə kimi əsaslandırıb. Bir sözlə, 20-22 fevral hadisələri Azərbaycanlıların həyatı üçün önəmli bir məsələlərdir", - deyə o əlavə edib.
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan və onun liderləri həmişə xristian faktorundan istifadə edib və indi də bu yoldadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB