Kimlər azyaşlı qızları \"mələklər\"ə çevirir? - ARAŞDIRMA

Kimlər azyaşlı qızları \"mələklər\"ə çevirir? - ARAŞDIRMA

Son vaxtlar restoran və şadlıq evlərinin şou-proqram menyusuna yeni bir xidmət növü - \"mələk qızların şousu\" əlavə olunub. Yeni xidmət qısa vaxtda o qədər populyarlaşıb ki, artıq toy edənlər məclisi onlarsız təsəvvür edə bilmirlər. Mələk qiyafəsində geyinən azyaşlı qız uşaqları məclisə xüsusi bir rəng və maraq qatır. Balaca \"mələklər\" toyda həm rəqqasə qismində iştirak edir, həm də zala daxil olan gəlin və bəyin ayaqları altına gül - çiçək tökürlər.


Hətta bəzi şadlıq evlərində şou-proqramında mələklərin toy başlayanda göydə uçacağı ilə bağlı da təklifə rast gəlinir. Belə ki, restoranlarda uşaqların belinə ip bağlanaraq tavandan asılır, gəlinlə bəy zala daxil olanda göydə mələklər uçması təəssüratı yaranır.

Balaca mələklərə tələbat o qədər artıb ki, valideynlər özləri uşaqlarını bu işə sövq edir. Bundan istifadə edən sahibkarlar isə uşaq əməyini çox az məbləğdə qiymətləndirir, həm də bu xidmət üçün dövlətə vergi ödəməyərək qazanc əldə edirlər. İş o yerə çatıb ki, bu işin təşkilatçılığı ilə məşğul olan "prodüserlər"in sayı durmadan artır.


5 manatlıq mələklər


Bəs görəsən mələklər hansı restoranlarda, necəyə və hansı şərtlərlə fəaliyyət göstərirlər?


Öyrəndik ki, hazırda paytaxt ərazisində fəaliyyət göstərən əksər restoranlarda – "Arzu", "Siyaqut", "Soltan", "Neolit", "Neptun", "Ay işığı", "Kleopatra", "Sərin", "Nilufər" və s. restoranlarda menyuya mələk-şousu əlavə olunub. Əlaqə saxladığımız restoranların administratorları kiçik qanadlı mələklərin xidmət haqqının 80-100 manat arasında olduğunu bildirdilər. Məlum oldu ki, toylara 6-7 nəfər mələk işirak edir və bu puldan uşaqlara 5-8 manat düşür.


Tünzalə adlı qadın isə özünün \"mələk uşaq qrupu\"nu yaradaraq müstəqil fəaliyyət göstərir. Ondan öyrəndiyimiz məlumatlar isə ilginc oldu. Özümüzü müştəri qismində sınamaq qərarına gəldik.


- Salam xanım. Toya mələk uşaq qrupu dəvət etmək istəyirik. Sizin qrup hansı xidməti göstərir?


- Bu müştərinin sifarişindən asılıdır. Bizdə hər növ xidmət var. 6 mələk qızlar sifarişdən asılı olaraq restoranda qapının ağzında və yaxud pilləkənlərdə düzülərək gəlinlə bəy içəri daxil olanda ayaqlarının altına gül səpir və yaxud bəylə gəlini qarşılayaraq əllərindəki gül-çiçəyi havaya atırlar. Gəlinlə bəyin \"Vals\" rəqsi zamanı isə mələklər ətrafda oynayırlar. Bizim qızlarımız çox yüksək səviyyədə xidmət göstərir. Paltarlarımızı Türkiyədən gətirmişik. Qızların rəqs bacarığına çox gözəldir, xüsusi hazırlıq keçirik.


- Bu xidmətin qiyməti necəyədir?


- Əvvəl 80 manata toya gedirdik. İndi qruplar çoxalıb qiymətlər düşüb. 6 mələklə 50 manata gedirik. Tək-tək hind rəqs paltarında da sifariş qəbul edirik. Bu rəqs 15 manatdır. Xına məclislərində də iştirak edirik. Restoranlarda qiymətlər bizdən bahadır. Ən yaxşısı toya mələkləri prodüserlər vasitəsi ilə dəvət etməkdir. Restoranlar özləri də pul qazandığından qiymətləri artırır.


\"Bu uşaqları necə bir araya toplaya bilmisiniz\" deyə sorduqda isə "prodüser" əsəbiləşdi. "Mən elə bilirdim siz bizi toya dəvət etmək istəyirsiniz, siz isə zəng eləyib mənim ideyamı oğurlayırsınız. Bir necə valideynin yanında iş fəaliyyətimdən danışmışam indi hərəsi bir qrup yaradıb özləri fəaliyyət göstərir. Bazarımızı öldürürlər. Daha heç nə danışmayacam...


Hər gün restoranlarda "mələk" işləyən balaca Aylanın anası ilə deyir ki, 7 yaşlı qızı məktəbdən sonra toylara gedir: "Yoldaşımdan ayrılmışam. Maddi çətinliyim var. Amma Ayla mənə heç əziyyət vermir. Maşallah özü-özünü təmin edir. Hər toydan 5-8 manat pul qazanır. Qiymətlər toydan asılıdır. Bahalı restoranlar və göstərdiyi xidmətdən asılı olaraq məbləğ bahalaşır. Paltar bizdən olanda qiymət daha baha olur. Qızım demək olar ki, hər gün toyda olur narazılığım yoxdur".

Uşaqların gün ərzində, yorulmasına, soyuq havada nazik geyimlərdə olmasına, təhlükəli nömrələrlə çıxış etmələrinə baxmayaraq cəmi 5 manat görə bu cür əziyyət çəkməsi deputatları, hüquq müdafiəçilərini, ictimaiyyəti narahat etməyə başlayıb. Hətta məsələnin Milli Məclisdə müzakirə olunması ilə bağlı təkliflər səsləndirənlər də var. Çünki az yaşlı uşaqların toy biznesində istifadə edilməsinin gələcəkdə ciddi fəsadlara səbəb olacağı və uşaq əməyinin istismarı kimi qiymətləndirilir.


Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, 15 yaşından aşağı olan uşaqların işə götürülməsi qadağan və cinayətdir. 15 yaşından yuxarı uşaqlar isə yalnız valideynlərinin icazəsi ilə həftədə 24 saat işləyə bilər.


Sərxoş adamların qarşısında oynayan azyaşlılarla bağlı tədbir görülməlidir


Millət vəkili Gülər Əhmədova isə hesab edir ki, uşaqlardan müxtəlif şəkildə istifadə edən mütəşəkkil dəstə fəaliyyət göstərir. İlk baxışdan toylarda mələk qiyafəsində qızların rəqs etməsi qorxulu görünməsə də, əslində, bu, adi bir şey deyil. Bu qruplar uşaqların bu gün qazanc əldə edirlərsə, sabah digər variantlara əl atacaqları istisna deyil. Kiçik yaşlı qızlara sərxoş adamlar qarşısında göbək rəqsi oynadılırsa, bu qızların abır-həyasını əllərindən alınır. Yaş artdıqca həmin qızlardan başqa məqsədlər üçün istifadə oluna bilər. Ona görə də hüquq-mühafizə orqanları bu sahəyə xüsusi diqqət yönəltməlidir.


Yusif Bəkirov da məsələ ilə bağlı həyəcan təbili çalmağın vaxtının çatdığını dedi: "Bəzi valideynlər özləri öz uşaqlarını istismar edirlər. Bu gün ailəsi olmayan uşaqlar küçələrdə, ailəsi olanlar isə ev şəraitində istismara məruz qalır. Hesab edirəm ki, bu gün restoranlarda baş verənlərə qarşı ciddi tədbirlər görülməlidir. Uşaq əməyindən bu cür istifadə bu uşaqların gələcəyini sual altında qoyur. Restoranlarda azyaşlı qızlara başqa təkliflərin ola biləcəyi, gələcəkdə bu uşaqlarda restoran həyatının adı həyat tərzinə çevriləcəyi istisna deyil. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq əməyindən istifadə edənləri məsuliyyətə cəlb etməli, ciddi cəza tədbirləri görməlidir. Qanunvericiliyə görə, heç bir şəxs uşaq əməyindən istifadə edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə