ƏƏSMN əlillərin hüquqlarının qorunması ilə bağlı yeni layihələr təqdim edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması ilə bağlı hazırlanmış yeni layihələrə dair dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, dəyirmi masada nazirliyin müvafiq qurumları ilə yanaşı, bu sahədə ixtisaslaşmış QHT-lərin nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov son illər ölkədə əlillərin müdafiəsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdən danışıb. Vüqar Həsənov bildirib ki, nazirlik tərəfindən "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" nın həyata keçirilməsi üçün Tədbirlər Planı, "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiyası proqramının hazırlanması və onun həyata keçirilməsi qaydaları"nın layihəsi, həmçinin "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reablitasiyası və sosial müdafiəsi haqqında" qanunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı rəy və təkliflər hazırlanıb. Təqdim olunan layihələrdə 2012-2015-ci illərdə əlillərin sağlamlığının mühafizəsi və bərpası, təhsil və peşə yönümünün yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi öz əksini tapıb.
Tədbirdə həmçinin layihələr barədə ayrıca məlumat verilib və qeyd olunub ki, bu sənədlər tətbiq ediləndən sonra əlilik kartlarında onların reabilitasiyası barədə zəruri məlumatlar yerləşdiriləcək. Həmçinin əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçiriləcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB