BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Xocalı ilə bağlı görüşlər keçirib

BƏƏ-də fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Xocalı ilə bağlı görüşlər keçirib

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə BƏƏ-də keçiriləcək silsilə tədbirlər çərçivəsində Dubay əmirliyinin Alimlər Şurasının sədri, aylıq "Əl-Diya" və "Əl-Əhmədiyyə" elmi-ictimai jurnallarının baş redaktoru, ərəb dünyasında tanınmış alim, doktor Məhəmməd Əhməd Əl-Quraşi ilə görüşüb. Bu barədə SİA-ya Samir İmanovun özü məlumat verib. Görüşdə Samir İmanov Dağlıq Qarabağ problemi və ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası haqqında ətraflı məlumat verib.

"Azərbaycan" Cəmiyyətinin sədri doktor Əl-Quraşinin diqqətinə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu qeyd edib. Məhz Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına respublikada siyasi-hüquqi qiymətin verildiyini söyləyən Samir İmanov prezident Heydər Əliyevin təşəbbüsü ilə parlamentin 24 fevral 1994-cü il tarixli iclasında Xocalı qətliyamının soyqırımı kimi tanındığını, ölkə başçısının 1 mart 1994-cü il tarixli fərmanı ilə 26 fevral tarixininXocalı soyqırımı və milli hüzn günü kimi qeyd olunmağa başladığını vurğulayıb.

Dubay əmirliyinin Alimlər Şurasının sədri Məhəmməd Əl-Quraşi ətraflı məlumata görə "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanova təşəkkürünü bildirib və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılmasına böyük ehtiyac duyulduğunu və alimlərin də bu işdə fəal iştirak etməsinin zəruriliyini qeyd edib. Doktor Əl-Quraşi Azərbaycana səfər etməyi arzuladığını və həmin səfər çərçivəsində lazımi materiallar toplayaraq körfəz ölkələrinin dövlət qurumlarının abunəçisi olduqları "Əl - Diya" jurnalının bir nömrəsinin Azərbaycana həsr etmək istədiyini bildirib. Görüş zamanı "Azərbaycan" Cəmiyyəti sədrinin Dubayın Xeyriyyə məsələləri üzrə naziri doctor Həməd Əl-Şeybani ilə ötən ilin yanvar ayında keçirilən görüşündən sonra 2011-ci il ərzində həmin qurumun azərbaycanlı qaçqın və məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi məqsədi daşıyan layihələrin həyata keçirilməsi üçün $1,2 mln. həcmində yardım göstərildiyi qeyd olunub.

Görüşdə Samir İmanov Alimlər Şurasının sədri Məhəmməd Əl-Quraşiyə Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunu, CD disklər, ərəb dilində "Erməni terroru" kitabını, "Erməni terrorunun qanlı izləri" kitabçasını, Qarabağ və İrəvan xanlıqlarının tarixi və mədəniyyətindən bəhs edən ərəb dilində kitablar, Azərbaycan xəritəsini və Adil Abdullah Əl-Fəllahın ərəb dilində hazırladığı "Heydər Əliyev və milli-mənəvi dəyərlər" kitabını təqdim edib. Dubay əmirliyinin Alimlər Şurasının sədri görüş əsnasında təqdim olunan kitabların məzmunu ilə tanış olub, Heydər Əliyevin görkəmli siyasətçi və dahi şəxsiyyət olduğunu qeyd edib. Məhəmməd Əl-Quraşi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev apardığı uğurlu xarici siyasət kursu ilə maraqlandığını və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsi barədə məlumatı olduğunu bildirib.

Bundan əlavə, Samir İmanov Dubayın Dövlət Aparatının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Əhməd Əl-Zahid və onun müavini Məhəmməd Əl-Hüseyn Fəzai və idarənin digər əməkdaşları ilə görüşüb. Görüşdə Samir İmanov Xocalı soyqırımı və Qarabağın tarixi barədə ətraflı məlumat vermiş və bildirib ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edərək Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal olunub. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərin vəhşicəsinə qətlə yetirildiklərini qeyd edərək həmin tarixin Azərbaycanda Xocalı soyqırımı və milli hüzn günü kimi qeyd olunduğunu bildirib. Samir İmanov Xocalının dinc sakinlərinin, milli mənsubiyyətinə görə, yəni yalnız azərbaycanlı olduqlarına görə qətə yetirildiklərini önə çəkərək erməniləri bu vandallığının azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı olduğunu söyləyib və bunun bütün insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. Dubayın Dövlət Aparatının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Əhməd Əl-Zahid Samir İmanova ətraflı məlumat üçün təşəkkür edib və ədalətin öz yerini tutacağına əmin olduğunu vurğulayıb. BƏƏ-dəki Azərbaycan diasporunun lideri görüş iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunu, CD disklər, ərəb dilində "Erməni terroru" kitabını, Qarabağ və İrəvan xanlıqlarının tarixi və mədəniyyətindən bəhs edən ərəb dilində kitablar, Azərbaycan xəritəsini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə