Almaniyada Azərbaycan gecəsi - FOTO

Almaniyada Azərbaycan gecəsi - FOTO

Bu günlərdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Almaniyanın Kassel şəhərində "2012-ci ilin Azərbaycan gecəsi" adlı tədbir keçirdib.

SİA-nın xəbərinə görə, tədbir Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı və ölkəmizin Almaniyadakı səfirliyi, eləcə də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə reallaşdırılıb. Tədbirdə Almaniyada təhsil alan azərbaycanlılar, xüsusilə də Kanada, Amerika, Rumıniya, Moldova, Rusiya, Ukraynadan olan tələbələr iştirak edirdi.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Almaniyadakı nümayəndəsi Vasif Hüseynov tədbir iştirakçılarını salamlayaraq, son 20 ildə ölkəmizin siyasi-iqtisadi müstəvidə qazandığı uğurlardan söz açıb.

Tədbirdə çıxış edən azərbaycanlı tələbələr ölkəmizin BMT TŞ-nin qeyri-daimi üzv seçilməsini müstəqillik tariximizin ən əlamətdar hadisəsi kimi qiymətləndiriblər. Tədbir iştirakçıları Fransa senatında "erməni soyqrımı"nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə etirazlarını bildiriblər. Qeyd olunub ki, belə antidemokratik qanun layihəsinin qəbul edilməsi hər bir azərbaycanlıda ciddi təəssüf və narahatçılıq hissi doğurur. Sarkozi və onun tərəfdarlarının təkidi ilə qəbul olunan qanun layihəsi Türkiyəyə, eləcə də ölkəmizə olan düşmən münasibətin ifadəsidir. Əlbəttə ki, belə bir sənədin qəbulu siyasi riyakarlıq, cinayətdir.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi eləcə də 20 yanvar, Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlər video-çarxlarla nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçılarına milli mətbəximizin xörəkləri, taamları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə