Musa Quliyev: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına sosial sahədə mövcud vəziyyətin daha da inkişafına təkan verəcək” - MÜSAHİBƏ
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən ölkənin bir çox sahələrində yeniliklərə imza atılacaq və mühüm işlər görüləcək. Təbii ki, sosial sahədə görüləcək işlər vətəndaşların maddi vəziyyətinin yaxşılaşması, onların həyat şəraitinin yüksəldilməsinə xidmət edəcək. Sosial sahədə görüləcək işlərə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev SİA-ya müsahibəsində danışıb.
- Musa müəllim, ilk olaraq Sosial Sifariş haqqında qanun layihəsi istiqamətində işlər nə yerdədir?
- Sosial sifariş haqqında qanun qeyri-hökumət təşkilatları (QHT) və QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə hazırlanıb və çox proqressiv bir layihədir. Bu qanun, hökumətlə qeyri-hökumət təşkilatlarının münasibətlərini yaxşılaşdırılması, eyni zamanda, dövlətin üzərinə düşən yükün bir hissəsinin QHT-lərə paylaşılması ilə harmoniyanın möhkəmlənməsinə xidmət edir. Bunun əsas məqsədi ondan ibarətdir ki, dövlət orqanları özlərinin görəcəyi işləri və ya proqramlar çərçivəsində işlərin bir hissəsini açıq tender vasitəsilə QHT-lərə verir. Məsələn, uşaq bağçasında hər hansı bir layihənin həyata keçirilməsi üçün tender layihəni kim udsa, həmin QHT bunu həyata keçirəcək. Ötən il sosial xidmət haqqında qanunu qəbul etdik ki, bu da cari ildən işləməyə başlayacaq. Bunun da əsas nəticəsini şaxtalı qış günlərində gördük. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kimsəsizlər üçün üçün səyyar sığınacaqlar təşkil edildi. Bütün bu və ya digər işlər Sosial Xidmət haqqında qanunun qəbul edilməsi nəticəsində görülən işlərdir. Amma Sosial Sifariş haqqında qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
- Sosial Xidmət haqqında qanunun qəbulundan sonra bu sahədə hansı yeniliklərin edilməsi nəzərdə tutulub?
- Bu qanunda çoxlu yeni nüanslar var. Bu qanunun icrası ilə bağlı müvafiq hökumət qurumlarına müvafiq tapşırıqlar verilib. Qanunun əsas üstünlükləri ondan ibarət olacaq ki, çoxlu sayda, xüsusən regionlarda sosial sığınacaqlar, stasionar sosial xidmət müəssisələri tikiləcək. Sosial xidmətə ehtiyacı olan şəxslər həmin müəssisələrdə yerləşdiriləcək, yaşayacaq və s. Bundan əlavə, evlərdə sosial xidmət aparanların şəbəkəsi genişləndiriləcək. İndiyə qədər sosial xidmət evlərdə yalnız ağır və kimsəsiz insanlara göstərilir və bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xidməti tərəfindən həyata keçirilirdi. İndi isə bu insanların kateqoriyası genişlənəcək və köməyə ehtiyacı olan şəxslər, kimsəsiz uşaqlar və qulluğa ehtiyacı olanlar insanlar da bura aid olacaq. Onlara xidmət göstərilməsi işinə isə QHT-lər, Qızıl Aypara Cəmiyyətinin işçiləri də bu işə cəlb oluna biləcəklər.
- "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən ölkənin sosial sahəsində hansı işlər görüləcək?
- Bu gün ölkə prezidentin apardığı siyasətin xüsusi tərkib hissəsi də sosial siyasətdir. Burada sosial müdafiənin prioritet istiqaməti, görülən işlərin hamısının başında Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin durmadan yüksəlməsi, həyat keyfiyyətinin artması dayanır. Azərbaycanın son 6-7 ildə həyat keyfiyyəti indeksinin yüksəlməsinə görə hər il bir neçə pillə irəliləyir. Bu siyasətin tərkib hissəsi olaraq sosial sahədə qanunların təkmilləşməsi, yeni qanunların yaradılması və zəngin hüquqi bazanın yaradılması üçün komitədə öz üzərinə düşən vəzifələri yerinə yetirir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, ölkənin sosial sahəsində mühüm işlərin görülməsinə nəzərdə tutulur. Təbii ki, görüləcək işlər sosial sahədə mövcud vəziyyətin daha da inkişafına təkan verəcək.
Artıq bu gün ölkədə pensiyaların baza hissəsi Azərbaycanda yaşayış miniumu səviyyəsinə gəlib çatıb. Yaşayış minimumu səviyyəsində pensiya almaq o deməkdir ki, artıq Azərbaycan pensiyaçısı yoxsulluq həddindən yuxarıda yaşayır. Bundan sonra isə pensiyaların baza hissəsini deyil, ilbəil prezidentin sərəncamı ilə sığorta hissəsinin artırılmasına üstünlük verilir. Bu da həm qanunun tələbidir, həm də minimum pensiya Azərbaycanda minimum həyat səviyyəsi, əmək haqqı səviyyəsindədir.
Ümumiyyətlə, son 5-6 ildə pensiya sistemində aparılan islahatlar ölkədə gedən islahatların tərkib hissəsidir. Bunların nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda pensiya islahatları sahəsində nümunəvi ölkələr sırasına çıxıb. Azərbaycanın səviyyəsi beynəlxalq səviyyədə öyrənilir və tətbiq edilir. Azərbaycanda pensiya ödənilməsi sahəsində ötən il prezident tərəfindən atılan addım qədər cəsarətli, uğurlu, sosial maliyyə tutumlu islahat olmayıb.
- Cari il Milli Məclisin Sosial siyasət komitəsində nə kimi qanun və layihələr qəbul ediləcək?
- Yaz sessiyası müzakirə olunarkən 3 təkliflə çıxış etdim. Bunlardan biri Ailə Planlaşdırılması və Reproduktiv Sağlamlıq haqqında qanunun yaz sessiyasına tövsiyə olunması ilə bağlı idi. Digər məsələ nigaha daxil olan şəxslərin icbari tibbi müayinəsinin həyata keçirilməsi, Ailə Məcəlləsinə konkret əlavə və təkliflərin edilməsi ilə bağlıdır. Başqa bir məsələ əhalinin sağlamlığının qorunması haqqında qanuna əlavə və dəyişikliklər edilərək uşağın cinsinə görə tibbi göstəriş olmadığı halda ultrasəs müayinəsinin və abortların aparılması ilə bağlı layihələrdir. Bunlar bizim komitədə hazırdır və zamanı gəldikcə Milli Məclisə tövsiyə edəcəyik.
Bundan əlavə, komitədə üzərində iş gedən layihələrdən biri Pasiyentin hüquqları haqında qanun layihəsidir ki, bu da tamamlanacaq. Ailə həkimi haqqında qanun layihəsi işinin sürətləndirilməsi, həmçinin yaz sessiyası və ya payız sessiyası ərzində planlaşdırmağı çalışırıq. Çünki Azərbaycanda səhiyyədə islahatlar aparılır. Xüsusilə kənd yerləri, yüksək dağ kəndlərində səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin bununla təmin edilməsi, müasir tibbi texnologiyanın, o cümlədən elektron texnologiyanın səhiyyəyə tətbiqi ilə əlaqədar olaraq ailə həkimi institutun yaradılması, genişləndirilməsi və hüquqi bazanın yaradılması lazımdır. Hər dağ kəndində ambulator mərkəz tikmək və ya ora həkim təyin etmək mümkün deyil. Amma belə bir qanun olunarsa, həm dövlət büdcəsi, həm də yerli bələdiyyələrin formalaşdıracağı səhiyyə fondundan həkimin əmək haqqı kifayət qədər verilərsə, işləri asanlaşdırmaq olar. Əgər həkim 1500-2000 adama göstərdiyi xidmətin əvəzində bələdiyyə fondunda adama 1 manat olmaqla 1500 manat vəsait alarsa, istənilən həkim də kənd yerində işləməyə razı olar. İndi hər bir adam üçün noutbuk alıb gəzdirmək çətin deyil. Bunun vasitəsilə xəstənin kardioqramma göstəriciləri, duzun faktiki vəziyyəti və digərləri barədə mərkəzə məlumat göndərmək olar. Bununla da kənd yerlərində birbaşa xəstənin konsultasiyasını təyin etmək və yaxud həmin xəstələri Bakıda və ya regional mərkəzlərə göndərmək mümkündür. Bu və ya digər işləri həyata keçirmək üçün Ailə Həkimi İnstitutunun formalaşması çox vacibdir. Düşünürəm ki, cari il ərzində bunu da işləyərək başa çatdıracağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB