YAP Nəsimi rayon təşkilatı ADU-da Xocalı faciəsinə həsr edilmiş tədbir keçirib
Azərbaycan Dillər Universitetində (ADU) YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş tədbir keçirilib. SİA-nın xəbərinə görə, ADU-nun Azərbaycan tarixi kafedrasının laborantı, əslən Xocalıdan olan Ramil Quliyev Xocalı haqqında ümumi məlumat verərək 1992-ci il fevralın 26-da yaşanan faciələrdən danışıb. Yaşadığı ərazinin düşmən tərəfindən zəbt olunmasının, yaxınlarını faciəli şəkildə itirməyin ağır olduğunu deyən R.Quliyev erməni azğınlarının törətdikləri cinayətlərin cəzasız qalmayacağına əminliyini ifadə edib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirib ki, Xocalı faciəsi haqqında həyəcansız danışmaq mümkün deyil. Ermənilərin tarix boyu azərbaycanlılara qarşı ərazi iddiası irəli sürdüyünü deyən N.Məhəməliyev bildirib ki, artıq ermənilər özlərini rahat hiss etmirlər. Azərbaycan iqtidarının yeritdiyi məntiqli siyasət nəticəsində Azərbaycanın haqq işinin dünyaya tanınması prosesinin daha da gücləndiyini vurğulayan icra başçısı bu yaxınlarda Meksika parlamentinin Xocalı hadisələrini soyqırım kimi qəbul etməsini bunun bariz nümunəsi olduğunu deyib. Ermənilərə ən gözəl cavabın Azərbaycanın inkişafı olduğunu nəzərə çatdıran N.Məhəməliyev məhz bu inkişafın məntiqi nəticəsi olaraq işğal altında olan torpaqların azad olunacağına inandığını bildirib.
ADU tələbələrinin ifasında şairə Nurəngiz Günün "Xocalı simfoniyası" poeması əsasında kompozisiya göstərilib, həmçinin ADU-nun Ülvi Bünyadzadə adına muzey-lektoriyasının müdiri Könül Yaqubovanın "Atam Qəhrəmandır" pyesindən kiçik hissə tədbir iştirakçılarına təqdim edilib.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək ermənilərin vəhşiliklə törətdiyi Xocalı faciəsini dünya miqyasında tanıtdırmağın olduqca əhəmiyyətli olduğundan bəhs edib. Ən qısa zamanda bu problemin həll edilməsinin vacibliyini önə çəkib.
Millət vəkili Jalə Əliyeva Xocalı faciəsinin miqyasının böyük olduğunu deyərək onu ifadə etməyin çətinliyindən danışıb. Faciələrimizi yalnız ildönümlərində yox, hər gün xatırlamalı olduğumuzu söyləyən J.Əliyeva qeyd edib ki, unutqan millət çox tez-tez faciələrlə üzləşir. Odur ki, faciələrimizi unutmaq yolverilməzdir. Tədbiri təşkil etdiklərinə görə o, ADU rəhbərliyinə və YAP Nəsimi rayon təşkilatına minnətdarlığını bildirib.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Xocalı şəhidlərinə rəhmət diləyərək keçirilən tədbirin əhəmiyyətindən danışdı. Hər bir azərbaycanlının düşüncəsində "Qarabağ bizimdir və bizim də olacaq" fikirlərinin olduğunu söylədi. Əmin olduğunu bildirib ki, Xocalı faciəsinin günahkarları layiqli cəzalarını alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB