Tarix
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsi 1987-ci ilin sonunda Daqlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Stepanakert) şəhərində, həmçinin Ermənistan SSR-də azərbaycanlı əhaliyə qarşı hücumlarla başlandı. Münaqişənin niyə məhz bu vaxt alovlanması maraq doğura bilər. Baxmayaraq ki, Mixail Qorbaçov SSRİ rəhbərliyinə 1985-ci ildə gəlmişdi və nəzəri cəhətdən ermənilər Qarabağ münaqişəsini 1986-cı ildə, yaxud 1987-ci ilin əvvəlində, Sov. İKP MK-nın bədnam fevral plenumundan dərhal sonra (həmin plenumda M.Qorbaçovun \"milli məsələlərin həllində əyintilər\" barədə tezisi ölkədə separatizmin baş qaldırması üçün ideoloji baza sayıla bilərdi) başlaya bilərdilər.
Lakin ermənilərin Qarabağ avantürasına 1987-ci ilin sonunda başlaması səbəbsiz deyildi. Çünki həmin vaxtadək bu avantüranı əngəlləyəcək mühüm faktor mövcud idi – həmin vaxtadək Heydər Əliyev hələ Moskvada, Kremldə idi və erməni dairələri bu gerçəklə hesablaşmağa məcbur idilər. Və heç təsadüfi deyil ki, erməni lobbisi Qarabağ kartının işə salınması üçün Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşmasını səbirsizliklə gözləyirdilər. 1987-ci ilin 22 oktyabrında həmin gün yetişdi. Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan istefaya göndərildi. Mixail Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə həm də ermənilərin çoxdan gözlədikləri addımı atdı. Heydər Əliyevin Kremldən getməsi ermənilərin oraya yolunu daha da genişləndirdi. Artıq erməni lobbisinin nümayəndələri Qorbaçovun kabinetindən, onun xanımı Raisanın qılığından çıxmaq bilmirdilər. Qorbaçovdan Qarabağ məsələsinə dair razılıq alınması isə çox çəkmədi.
Ermənilərin Qarabağ avantürası
1987-ci ilin noyabr ayının 18-də akademik Abel Aqanbeqyan Fransanın \"Humanite\" qəzetinə verdiyi müsahibəsində Qarabağ avantürasına start verdi: \"Mən iqtisadçı kimi əmin edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistan SSR-ə birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq\". Aqanbeqyan fikrini əsaslandırmaq üçün partiyanın rəhbər göstərişlərinə - Qorbaçovun yuxarıda qeyd etdiyimiz 1987-ci ilin fevral plenumundakı səsləndirdiyi \"milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır\" tezisinə istinad etməyi də unutmamışdı. Erməni akademikin Parisdə verdiyi müsahibə Qarabağda separatizm hərəkatının başlanması üçün həlledici siqnal oldu. DQMV ərazisində fəaliyyətə başlayan separatçı \"Krunk\" təşkilatının üzvləri prosesə daha praktik təkan vermək üçün Moskvaya, Kremlə getdilər. Sov.İKP MK-nın milli məsələlər üzrə şöbəsinin müdiri V.Mixaylov M.Qorbaçovun adından Qarabağ ermənilərinə dəstək vəd etmişdi. M.Qorbaçovun köməkçisi David Şahnazaryan isə soydaşlırına bildirmişdi ki, baş katib Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır. Bir sözlə, 1988-ci ilin yanvarınadək Qarabağ münaqişəsinin alovlanması üçün bütün hazırlıqlar tamamlanmışdı. Bundan sonra ermənilər əməli işə keçdilər - Moskvadan və Yerevandan gələn təlimatlara əsasən, Xankəndidə \"miatsum\" çağırışı ilə mitinqlər başlandı. Sözsüz ki, bu kampaniyanın qarşısını vaxtında və effektli şəkildə almaq olardı. Amma bunun üçün Azərbaycanın rəhbərliyində güclü şəxsiyyətin, həm Moskvanı, həm də erməni avantüraçılarının cavabını verməyi bacaran liderin olması birinci şərt idi. Və nə yazıqlar ki, biz Qarabağ münaqişəsinin ilk mərhələsindəcə baş verənlərə adekvat münasibət göstərə və konfliktin gələcək miqyasını, fəsadları önləmək üçün real tədbirlər görə bilmədik.
20 fevral
20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.
22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
Münaqişənin alovlandığı günlərdə Azərbaycanın rəhbəriliyi vəziyyəti adekvat qiymətləndirib təsirli tədbir görmək əvəzinə Bakının zavod-fabriklərində çalışan \"erməni zəhmətkeşləri\" televiziya ekranına çıxararaq onları Dağlıq Qarabağdakı bir qrup ekstremistin əleyhinə danışdırmaqla məşğul idi. Rəsmi çıxışlar ermənilərlə azərbaycanlıların tarixi dostluq münasibətlərinin təbliği üzərində köklənmişdi.
Bu azmış kimi, respublika rəhbərliyi \"göz qayırdığı yerdə vurub qaşı da çıxardı\". DQMV Xalq Deputatları Soveti adından 1988-ci il fevralın 20-də qəbul edilmiş qərardan sonra Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov Moskvadan təşrif buyurmuş Siyasi Büronun üzvləri Razumovski və Demiçevin iştirakı ilə Stepanakertdə vilayət partiya təşkilatının plenumunu keçirdi. Plenumda Bakıya nisbətən loyal mövqeyi ilə seçilən B.Gevorkovu qatı ekstremist, \"Krunk\" təşkilatının rəhbəri və Xankəndidəki mitinqlərin aparıcısı olan V.Poqosyanla əvəzlədi.
Moskvanın "HƏ"si
Faktiki olaraq Moskvanın xeyir-duası və respublika rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verildi. Sonrakı hadisələr Azərbaycanın o vaxtkı rəhbərliyinin erməni avantürasına qarşı nə qədər hazırlıqsız və bacarıqsız olduğunu açıq nümayiş etdirdi. Fevralın sonunda Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. 26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində 26 erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi.
Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərdi ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı özünün şəxsən iştirak etmişdi. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi qeyd etdilər. Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniyasına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış və hazırlanmışdı. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB