Ölkə yolları beynəlxalq “Eurovision” yarışmasına hazırdırmı? - ARAŞDIRMA

Ölkə yolları beynəlxalq “Eurovision” yarışmasına hazırdırmı? - ARAŞDIRMA

Bu gün yollarımız \"Eurovision\" müsabiqəsinin keçirilməsinə nə dərəcədə hazırdır? Bunu aydınlaşdırmaq üçün şəhərin bir başından o biri başına getmək kifayətdir. Unutmayaq ki, müsabiqədə iştirak etmək üçün gələcək qonaqlar ancaq oteldə qalmaqla kifayətlənməyəcək. Onlar ölkənin gözəllikləri ilə tanış olmaq, ölkəmizin tarixi ilə tanış olmaq üçün hər halda yollarımızdan istifadə edəcək. Məhz ilk tanışlıqdan sonra Bakının xarici qonaqların yaddaşında necə qalacağı maraqlıdır. Bunu təbii ki, zaman göstərəcək. Qeyd edək ki, Bakının mərkəzi yolları düzəlsə, dünya standartlarına cavab versə də, bunu kənar küçələr haqqında demək olmaz. Bu yolların problemləri hələ də qalmaqdadır.

Ədalət naminə desək, son illər magistral yolların xeyli hissəsi düzəlib. Şimal, cənub, şərq və qərb istiqamətində yollar tikilərək istifadəyə verilib və bu gün də tikilməkdədir. Ölkəmizdə yolların inşası təbii ki, sevindirici haldır. Lakin yolların inşası mövcud yolların dağıdılması ilə müşayiət olunmamalıdır.

Bu gün ölkəmizdə yolların tikintisi işi davam etdirilir. Bununla bərabər, yolların uzunömürlülüyü, düzgün çəkilib-çəkilməməsi, dünya standartlarına uyğun olub-olmaması ilə əlaqədar mübahisələr də davam etməkdədir. Sürüşmələr, sel daşqınları, normadan artıq yüklənmiş yük avtomobilləri yolların bir nömrəli düşməni elan edilsə də, yolların keyfiyyətli çəkilib-çəkilməməsi də sual doğurur.

Təbii ki, daima bu və ya digər yollardan gündəlik olaraq istifadə edən sürücülər də məsələ ilə bağlı öz narazıçılıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Eurovision müsabiqəsinə paytaxt yolları hələ də tam hazır deyil.

Sürücü Akif Mirzəyev: "Təzə çəkilən asfaltlar da pis gündədir. Mikrorayonlarda, Əhmədlidə paytaxta yağan qardan sonra vəziyyət daha da pisləşib. Qarşıdan gələn \"Eurovision\" müsabiqəsində iştirak etrmək üçün çoxlu sayda qonaqlar ölkəmizə gələcək. Bu vaxta kimi yolların düzəlməsinə ehtiyac var\".

Sürücü Oqtay Ələkbərov: "Yağışdan,qardan sonra yollar pis günə düşüb. Bunun nəticəsində maşınlar sınıb və məcburuq ki, onları birdə yığdıraq. Yollar bizi qane etmir. Bir sözlə deyə bilərik ki,yollar \"Eurovision\" yarışmasına təmamilə hazır deyil".

Allahverdi Əliyev isə müəyyən yerlərə getməyin mümkünsüz olduğuu deyib: "Qonaqlar o ara küçələrindən getsə, nə olacaq? Ancaq Hava Limanı ilə iş bitmir. Mərkəzi Univermağa gedən yolları getmək olmur. Mərkəzi küçələr normal vəziyyətə gətirilib, amma ara küçələrə də fikir vermək lazımdır".

Yolların hərəkət hissələrinin qazılması bu gün paytaxtın əksər küçə və prospektlərində ən adi hala çevrilib. Təbii ki, müxtəlif kommunikasiya xətlərinin çəkilişi və bərpası insanların rahatlığına hesablanıb, amma işlərin pərakəndə şəkildə aparılması sadaladığımız problemlərin yaşanmasına səbəb olur. Konkret olaraq yolların qazıldığı ərazilərdə yol nişanlarından istifadə edilmədiyindən avtomobillərin və piyadaların təhlükəsizliyi sual altında qalır. Heç hərəkətin tənzimlənməsinə də nəzarət olunmur. Nəticədə də çoxlu sayda qəzalar baş verir.


Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bu və ya digər problemlərin nazirlik qarşsıında duran ən mühüm məsələlərdən biri olduğunu deyib: "Bu məsələ bizim yaralı yerlərimizdən biridir. Yollarda bəzi təşkilatlar qazıntı işləri həyat keçirir, amma sonradan o qazıntının üstünü bağlamırlar. Yenə də bu işlə Nəqliyyat Nazirliyi məşğul olmaq məcburiyyətində qalır. Bununla bağlı biz müxtəlif təşkilatlarla yazışmalar da aparmışıq. Hətta elə hallar olub ki, məhkəməyə də müraciət etmişik. Yəni, yolları bu cür dağıtmaq olmaz. Çox təəssüf ki, bu bir nəticə vermir. Amma bütün bunlara baxmayaraq, nazirlik bütün qüvvəsini səfərbər edir ki, bu çatışmazlıqları aradan qaldırılsın"

Yeni yollar salınarkən bir o qədər də mövcud yollar dağıdılır və ekoloji problemlər yaradılır. Problemi qabartmaqda məqsədim heç də görülən işlərə kölgə salmaq deyil. Ölkəmizin yol infrastrukturu yenidən qurulur, şəhərlərimiz, qəsəbələrimiz abadlaşır. Amma yaxşı olar ki, yol salındıqdan sonra dağıdılmış yolların bərpa edilməsi yaddan çıxmasın.

Namiq Həsənov qeyd edib ki, ölkədə \"Eurovision\" müsabiqəsi ilə əlaqədar yolların tikintisi və əsaslı təmiri ilə əlaqədar mühüm işlər görüləcək: "Bu ərəfədə bir neçə istiqamətdə işlərimiz var ki, onlardan birincisi də Dərnəgül yolunu genişləndirilməsidir. Sonra Xutor dairəsində işlər aparırıq, müxtəlif tunellər tikilir. Əhməd Rəcəbli və Ziya Bünyadov küçələrinin kəsişməsində yol qovuşağının yekunlaşmasına çalışırıq. Ümumilikdə, işlər çoxdur. Elə işlər var ki, \"Eurovizion\"dan əvvəl plana salmışdıq. Onu deyə bilərəm ki, Bakı şəhərində Nəqliyyat Nazirliyinin balansında olan, bütün küçələrdə may ayına qədər, böyük yeniliklər edəcəyik. İstər xarici görkəm baxımından, istərsə də keçid, yol qovşaqları, tunellərdə kosmetik işlər aparılacaq".

Paytaxtımız müasirləşir və simasını tamamilə dəyişir. Amma yaşanan bir sıra problemlər var ki, bütün görülən işlərə xələl gətirir. Gəlin elə edək ki, \"Eurovision\" müsabiqəsi ilə əlaqədar 40-dan çox ölkədən gələcək qonaqların təəssüratında paytaxt yolları pis qalmasın.Yol axı həm də mədəniyyətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə