Bu il qışın sərt keçməsi, yağıntının həddən artıq çox düşməsi, yolların buz bağlaması Bakı şəhərinin yol təsərrüfatına ciddi zərər vurub. Paytaxtın əkər hissələrindəki yollarda çatlar, dəliklər yaranıb. Oxşar problemlər yol kənarındakı səkilərdə, parklarda və digər avtomobil yollarında da müşahidə olunur.
Ekspertlər isə hesab edir ki, qar yağması nəticəsində yolların bərbad vəziyyətə düşməsi şəhərsalma və yollarının salınması üçün normativ qaydalara əməl edilməməsindən irəli gəlir.
Mütəxəssislər onu da bildirir ki, qarlı və şaxtalı havalardan sonra paytaxtın bütün ərazilərində yolların deformasiyaya uğraması yollar keyfiyyətsiz çəkilməsindən irəli gəlir.
Qeyd edək ki, şaxtalı hava şəraiti inkişaf etmiş ölkələrdə yollara heç bir zərər vurmur. Məsələn, Rusiyada hər il 10-15 dərəcə şaxta qeydə alınmasına baxmayaraq, yollar olduğu kimi qalır. Bakıda isə 8-10 dərəcə şaxta yollarda görünməz hala salıb. Mütəxəssislər hesab edir ki, buna səbəb yollarımızın 5 dərəcəyə şaxtaya belə hesablanmamasıdır. Yolların təzyiqi, asfaltın qalınlığı, materialları, qatqıları və digər normativlərə ciddi əməl olunmadığından yolların nə istiyə, nə də yağışa, qara, ağırlığa, şaxtaya dözümü yoxdur.
Daş yolların sayı artırılmalıdır
Müstəqil Memarlar Assosiasiyasının prezidenti, memar Zemfira Buqaqova hesab edir ki, yol salınmazdan öncə torpaqda bünövrələr qoyulmalı, torpaq yatağı tikilməli və bərkidilməlidir: "Daha sonra onun üzəri çınqılla möhkəmləndirilməli və üzərinə beton asfalt və qır örtüyü tökülməlidir. Ancaq buna ciddi əməl edilmədikdə qısa müddət istifadədən və ya yağıntıdan sonra yollar sıradan çıxır. Vaxtı ilə salınan 10-15 santimetrlik köhnə yolların əvəzinə indi 2 santimetrlik yollar salınıb. Ona görə də şaxtalar və qarlar həmin yollarda çalalar və çuxurlar yaradıb. Yeni salınan yollarda yaranan problemlərin səbəblərindən biri də köhnə daşların sökülərək yolların asfaltlaşdırılmasıdır. Şaxtalı, qarlı havalarda daşlar həmin yollarda hərəkət edən nəqliyyat vasitələrinin sürüşməsinin, bir-biriləri ilə toqquşmasının və qəzaların baş verməsinin qarşısını alırdı. Bu həm də maşınların sərbəst hərəkətini məhdudlaşdırırdı ki, bu zaman sürüşmə baş vermirdi. Enişli-yoxuşlu yollardakı asfalt örtüyü maşınların təkərlərinin \"yeyilməsi\"nə də səbəb olur. Ona görə də yol-nəqliyyat qəzaları, ölüm və müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı artır\".
Havalar yaxşılaşdıqdan sonra problem aradan götürüləcək
\"Azəryolservis\" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, yaranmış problem şaxtalarla əlaqədardır: "Havalar yaxşılaşdıqdan sonra problemləri aradan qaldırmaq üçün avtomobil yollarının təmirinə başlanılacaq. Qeyd edim ki, zədələr cari təmiri planlaşdırılan və təmir işlərinin xeyli müddət əvvəl keçirildiyi avtomobil yollarında əmələ gəlib. Tikintisi və təmiri bu yaxınlarda həyata keçirilən əsas avtomobil yolları və prospektlərdə isə heç bir problemlər yoxdur. Artıq bəzi yerlərdə problem aradan qaldırılmağa başlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB