Berlində azərbaycanlıların təşkilatçılığı ilə məruzə axşamı təşkil edilib
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə məruzə axşamı təşkil edilib. SİA-nın xəbərinə görə, xalqların öz müqəddəratını müəyyən etmə hüququ və beynəlxalq hüquq mövzusuna həsr edilmiş axşamın məruzəçisi professor Hans-Yoaxim Hayntse münaqişədə olan müxtəlif xalqların timsalında onların öz müqəddəratını həlletmə hüququ və beynəlxalq hüquqdan istifadə etmələrinə dair maraqlı məruzə ilə çıxış edib.
O bildirib ki, beynəlxalq hüquq normalarına əsasən hər bir xalq öz müqəddəratını müəyən etmək hüququna malikdir. Bu dövlət qurmaq üçün vacibdir. Amma bu dövlətlərin ərazi bütövlüyünü nəzərdə tutan eynidərəcəli normalara ziddir. "Ərazinin dövlətdən ayrılmasına dair hüquqi iddialar mövcud olmadığına görə dövlətçiliyin və eləcə də öz müqəddəratını müəyyən etmə hüququna uyğun gələn çıxış yolu tapılmalıdır", - deyə məruzəçi qeyd edib.
Ona görə də belə hallarda öz müqəddəratını müəyyən etmənin yalnız daxili yollarından danışmaq olar və son olaraq muxtariyyət iddiası qaldırıla bilər. Bu isə qruplara subsidar prinsiplərə əsasən özünüidarə və yerləşdiyi dövlətin ərazisində öz müqəddəratını müəyyən etmə hüququnu həyata keçirmək imkanları yaradır. Professor Hayntse məruzəsinin sonunda qeyd edib ki, belə halda mərkəzi hakimiyyət və qruplar arasında dövlət tərəfindən insan haqlarının qorunması, qruplar tərəfindən isə dövlətə qarşı loyal münasibət barəsində müntəzəm razılaşma əldə edilməlidir.
AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova maraqlı məruzə üçün professora minnətdarlığını bildirib və qeyd edib ki, xalqların öz müqəddəratını müstəqil müəyyən etmə və dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi arasındakı münaqişə həmişə mübahisəli mövzulardan biri və sərhədlərarası ixtilafların qızışmasına səbəb olub. Samira Patzer-İsmailova vurğulayıb ki, Qafqaz, daha doğrusu Cənubi Qafqaz bu ixtilaf və münaqişələrə məruz qaldığına görə son zamanlar Almaniyada da geniş müzakirə mövzusuna çevrilib. O bildirib ki, Azərbaycan xalqı hər il 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid edir.
Sonda professor Hayntse tədbir iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında müzakirə keçirilib. Hayntse Dağlıq Qarabağ münaqişəsini gələcək layihələrindən birinə salaraq mühazirə oxuduğu universitetlərdə müzakirə mövzusuna çevirəcəyini və ictimaiyyət arasında onun tanınmasına çalışacağını, bununla bağlı AAKM-lə sıx əməkdaşlıq edəcəyini bildirib. Tədbirdə Almaniyadakı Azərbaycan Səfirliyinin məsul əməkdaşları, alman siyasətçiləri və ictimaiyyətinin təmsilçiləri, Azərbaycan və Türk cəmiyyətlərinin, eləcə də azərbaycanlı tələbə və doktorantlar iştirak ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB