Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ilə görüşüb. Şuradan bildiriblər ki, Ə.Amaşov media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi missiyasını həyata keçirən şuranın beynəlxalq təşkilatlar ilə əlaqələrinin qurulmasına da xüsusi əhəmiyyət verdiyini deyib.
Şura sədri vurğulayıb ki, MŞ yaradıldığı gündən ATƏT-in Bakı ofisi ilə əməkdaşlıqda bunun faydalı nəticələrinə nail olub. Son illər bu istiqamətdə səylərin daha da artırıldığını deyən Ə.Amaşov birgə tədbirlər sayəsində "Diffamasiya haqqında" qanunvericilik aktı layihəsinin, "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"nın yeni variantının hazırlandığını diqqətə çatdırıb.
K.Tarqay rəhbərlik etdiyi qurumun MŞ ilə əməkdaşlığına və şuranın fəaliyyəti barədə geniş məlumata malik olduğunu bildirib. O, diplomatik fəaliyyəti müddətində bu sahədə səylərini əsirgəməyəcəyini deyib. K.Tarqay "Diffamasiya haqqında" qanunun qəbulunun sürətlənməsinin vacibliyini bildirib.
Görüşdə "Diffamasiya haqqında" qanunun qəbulu prosesin həlli istiqamətində səylərin davam etdirildiyi və cari ildə yekun nəticənin əldə olunacağı bildirilib, medianın digər problemləri və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq mütəxəssislərin iştirakı ilə internet jurnalistikaya dair konfransın, həmçinin birgə layihəyə əsasən İctimai Televiziyada medianın aktual problemlərinə dair diskussiyaların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB