Samux şəhərinin yeni baş planının təqdimatı olub - FOTO

Samux şəhərinin yeni baş planının təqdimatı olub - FOTO

Samux rayonunun 20 illiyi və Samux şəhərinin baş planının təqdimatı ilə bağlı tədbir keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və ictimaiyyət nümayəndələri iştirak edib. Burada Vilyam Hacıyev Samux şəhərinin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş baş planı barədə ətraflı məlumat verib. Yeni plana əsasən 350 hektar ərazidə böyük işlər görüləcək. Samux şəhərində yeni çoxmərtəbəli binalar inşa ediləcək, park və xiyabanlar salınacaq. Rayonun girəcəyində Olimpiya Kompleksi tikiləcək.

Qeyd olunub ki, Mingəçevir Su Anbarının 1000 kv metr sahəsi Samux rayonunun ərazisinə düşür. Bu ərazidə 50 hektar sahədə istirahət kompleksi tikiləcək. Həmin sahəyə 30 km uzunluğunda yol çəkiləcək. Kəndarası yollar təmir ediləcək. Bundan başqa Samux-Zaqatala yolu salınacaq.

Tədbirdə o da vurğulanıb ki, Samuxda içməli su və kanalizasiya xətləri də yeniləcək. İşlərə ilkin olaraq institut qəsəbəsindən başlanılacaq. Tədbirin davamında Samux rayon ictimaiyyətinin nümayəndələrindən olan Ələs Məmmədova dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təltif edilmiş tərəqqi medalı təqdim olunub. Ardından Samuxun 20 illiyi ilə bağlı rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən ziyalılar mükafatlandırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə