2012-ci ildə Ombudsman təsisatı ilə YUNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planı imzalandı

2012-ci ildə Ombudsman təsisatı ilə YUNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planı imzalandı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşün məqsədi cari ildə Ombudsmanın YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub. Müvəkkil qonağa digər hüquqlarla yanaşı, uşaqların, o cümlədən qaçqın və məcburi köçkün, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin əlil uşaqların hüquqlarının müdafiəsi ilə bağlı tərəfindən mühüm tədbirlərin görüldüyünü, müvafiq dövlət orqanlarına təkliflər verdiyini, bunların bir qisminin öz həllini tapdığını bildirib.

O, regional mərkəzlərinin əməkdaşlarının uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlərin, habelə "Əlillərin hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi ilə bağlı müvafiq QHT-ləri cəlb etməklə birgə monitorinqlərin təşkilinin zəruriliyini önə çəkib. Proqramda nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrin və onların icra mexanizmlərinin müzakirəsi məqsədilə dövlət qurumları və QHT nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirildiyi qeyd edilib. E.Süleymanova uşaq hüquqlarının müdafiəsi üzrə çoxsaylı tədbirlərin də nəzərdə tutulduğu Proqramın həyata keçirilməsi ilə əlaqədar regionlara səfərlər edəcəyini, bütün rayonlarda əhali ilə görüşlər, həmçinin ictimai dinləmələr keçirəcəyini, regional mərkəzlərin əməkdaşlarının da iştirakı ilə, müvafiq dövlət, özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti, QHT-lər, icmalarla müzakirələr aparılacağını söyləyib.

Sonra E.Süleymanova və M.Herevard 2012-ci ildə Ombudsman təsisatı ilə YUNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planını imzalayıblar. M.Herevard Müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, bu İş planı çərçivəsində təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlığının cari ildə daha da genişləndiriləcəyini, Müvəkkilin mərkəzi Aparatının və regional mərkəzləri əməkdaşlarının uşaq hüquqlarının müdafiəsi üzrə potensialının və biliklərinin daha da gücləndirilməsinə dəstək veriləcəyini söyləyib. O, körpələr evlərinin vəziyyətinin, yeni doğulmuş uşaqların bu müəssisələrə düşmə səbəblərinin araşdırılmasının zəruriliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə