Baytarlar zona müşavirəsi keçirib

Baytarlar zona müşavirəsi keçirib

Dövlət Baytarlıq Xidməti Gəncədə 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirib. Xidmətdən SİA-ya verilən məlumata görə, 19 şəhər və rayonun baş baytar həkimlərinin, zona baytarlıq laboratoriyaları, eləcə də diaqnostika kabinetləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova qurumun keçən il gördüyü işlər barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində respublikamızda epizootik sabitlik təmin edilib. 2011-ci ildə brusellyoz xəstəliyinin ləğvi istiqamətində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunub, görülən işlər nəticəsində bu xəstəliyə yoluxma əvvəlki illə müqayisədə 50 faiz aşağı enib.

Quş qripinə qarşı da mühüm tədbirlər görülüb. Müvafiq qurumlarla birlikdə 7 monitorinq aparılıb, 9 min 81 quşdan analiz üçün nümunələr götürülərək müayinə edilib. Ötən il quş qripi xəstəliyinin törədicisinə təsadüf edilməyib.

Müşavirədə quduzluğa qarşı həyata keçirilən profilaktik tədbirlər də müzakirə edilib. Bu məqsədlə ölkədə heyvanlar arasında vaksinasiya tədbirləri həyata keçirilib, xəstəliyin aşkar edilməsi məqsədilə 71 nümunənin laboratoriya müayinəsi aparılıb. Onlardan yalnız 32-nin nəticəsi müsbət olub. Xəstəlik törədicisi aşkar olunan ərazilərdə lazımi profilaktik tədbirlər görülüb və xəstəliyin qarşısı vaxtında alınıb.


Dövlət Baytarlıq Xidmətinin bölmə müdirləri, şəhər və rayonların baş baytar həkimləri, zona baytarlıq laboratoriyalarının və diaqnostik kabinetlərin rəhbərləri çıxış edərək 2011-ci ildə əldə edilmiş nailiyyətlərdən, eləcə də bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə