Nazirlik rəsmisi: “Küçə uşaqları üçün sosial evlər tikiləcək”

Nazirlik rəsmisi: “Küçə uşaqları üçün sosial evlər tikiləcək”

\"Küçə uşaqların yaşaması üçün sosial evlər tikiləcək\". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin müavini Elnur Kələntərli deyib. Bu məsələnin hələ ki planlaşdırıldığını deyən E.Kələntərlinin sözlərinə görə, bu, sığınacağın bir formasıdır və insanlar ilin istənilən vaxtında gecələyə, isti yeməklə, yataqla təmin oluna bilərlər. O qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına nazirlik tərəfindən inşa olunacaq evlərdə uşaqlar müvəqqəti olaraq yaşayacaq.

"Həmin sosial ev 50 nəfərlik olacaq. Yerlər 50 yerlik sığınacaq və 50 yerlik reabilitasiya mərkəzindən ibarətdir. Buradakı uşaqlar həkim nəzarətindən keçiriləcək, valideynləri axtarılacaq. Əgər varsa onlar ailələrinə qaytarılacaq, əks halda onun gələcəkdə internat evində yerləşdirilməsi, təhsili və digər məsələlər istiqamətində işlər aparılacaq. Məqsəd odur ki, küçə uşaqlarını küçələrdən yığaq.

Rayonlarda da 8 belə sosial evin tikilməsi nəzərdə tutulur. Məqsəd səfil uşaqların küçələrdən yığışdırılmasıdır. Layihənin smeta sənədləri hazırlanıb. Uşaqların yığılaraq sığınacaqlara gətiriləndən sonra onlarla bağlı müəyyən sosial müdafiə tədbirləri görüləcək", - deyə o əlavə edib.

Aparat rəhbərinin müavini qeyd edib ki, qarlı-şaxtalı günlərdə Bakının 5 rayonunda təşkil edilmiş sığınacaqlarda gecələyənlərin 20 nəfəri ata və anası olmayan səfil uşaqlar olub: \"Həmin uşaqların 12-si palatalara yerləşdirilib, 8-i isə hazırda karantindədir. Çünki o uşaqların sağlamlığında müəyyən problemlər aşkarlanıb və ona görə də karantinə götürülüblər. Sonrakı mərhələdə həmin 20 uşaq müvafiq uşaq müəssisələrinə yerləşdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə