Qış universitetində “PR strategiyaları və Sosial media” mövzusunda görüş keçirilib

Qış universitetində “PR strategiyaları və Sosial media” mövzusunda görüş keçirilib

Qış universitetinin növbəti qonaqları "Caspian Links" şirkətinin rəhbəri Vüqar Xəlilov və "Day.Az Radio"nun direktoru Zaur Darabzadə olublar. Panel "PR strategiyaları və Sosial media" mövzusunda keçirilib.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, Vüqar Xəlilov PR-ın formaları, onun aparılma qaydaları, prosesə jurnalistlərin cəlb olunması haqqında danışıb. Qonaq bildirib ki, son zamanlar insanları maraqlandıran pul və biznesdir. Buna görə də, xaricdə ölkənin PR-ını əsasən şirkətlər haqda informasiya yaymaqla aparmaq lazımdır: "Xaricdə ölkə şirkətləri haqda informasiya yoxdursa, ölkə iqtisadiyyatı barədə də informasiya olmayacaq."

Ekspert PR-ın ölkə imicinin formalaşmasında jurnalistlərin rolunun vacibliyindən danışaraq qeyd edib ki, ola bilər xaricdə ölkə PR-ı ilə lobbi də məşğul olsun. Yaxşı olardı ki, bu işi professional jurnalistlər həyata keçirsin. Həmin jurnalistlərin də tərcümeyi-halını bilmək, maraqlarını, hansı mövzularda yazdığını bilmək vacibdir".

Qonaq sonda iştirakçıları maraqlandıran suallara cavab vermiş, Xocalı faciəsi ilə bağlı PR kompaniyasının sosial şəbəkələrdə aparılması ilə bağlı öz məsləhətlərini verib.

Panelin növbəti qonağı Zaur Darabzadə sosial şəbəkələr barədə təqdimata statistik göstəricilərlə başlamış, dünyada azərbaycanlı istifadəçilərin sayını təhlil edib. Daha sonra sosial medianın xüsusiyyətləri, imkanları, əsas şərtləri, imkanları haqda ətraflı məlumat vermiş və bildirib ki, əvvəllər milyonçular öz pullarını neft sənayesinə yatırırdılar. XXI əsrdə isə investisiyanı internetə yatırırlar. Səbəb isə sosial şəbəkələrin bilik mübadiləsi, həyat paylaşımları, sosial şəbəkələşmə, biznes şəbəkələri, icma quruculuğu və bir sıra digər imkanlara malik olmasıdır".

Qonaq insanların sosial şəbəkələrdə çox vaxt keçirməsindən danışaraq Facebook sosial şəbəkəsini 35 il əvvəl Erne Rubikin yaratdığı "kubik-rubik"lə müqayisə edib: "O zaman insanların bu yeni kəşf olunmuş oyuncağa sərf etdikləri vaxt iqtisadiyyatın zəifləməsinə, indi isə əksinə insanların internetdən və sosial şəbəkələrdən istifadə etməsi iqtisadiyyatın güclənməsinə səbəb olub."

Ekspert sonda sosial şəbəkənin əhatə dairəsi və sosial medianın gələcəyi haqda danışmış və iştirakçıların suallarını cavablandırıb.

Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə